01.06.2026

Təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə geniş məlumat verilib, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün həyata keçirilən işlərdən danışılıb. Bildirilib ki, BMT-nin Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Azərbaycanda uşaqların xoşbəxt yetişmələri, sosial problemlərinin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından bütün addımlar atıldığı şagirdlərin diqqətinə çatdırılıb.

Çıxış edənlər Azərbaycanda uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramları və layihələrdən bəhs edib, uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün yaradılan şəraitdən söz açıblar.

Tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.