15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsində Bakının Binəqədi və Nizami rayon məktəblərinin komandaları final mərhələsinin qalibi olublar.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə keçirilən yarışlar ümumi təhsil müəssisələrinin X və XI sinif şagirdləri arasında keçirilib.
Yarışların final mərhələsi Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Goranboy rayonunda baş tutub.
Final mərhələsində iştirak edən 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın nəticələrinə əsasən, ən yüksək xal toplayan Bakı şəhəri Binəqədi rayonu 300 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası birinci, Nizami rayonu 220 nömrəli məktəb-liseyin komandası ikinci, İsmayıllı rayonunun komandası isə üçüncü yerə layiq görülüb.
Qaliblər təşkilatçılar tərəfindən diplom, kubok və medallarla təltif ediliblər.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıqla başa çatıb.