Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Turanə Kərimova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova tədbir iştirakçılarını salamlayaraq Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli işlərində hər birinə uğurlar arzulayıb.
Müəllimlik peşəsinin cəmiyyətin gələcəyinin formalaşmasında xüsusi rol daşıdığını vurğulayan N.Hüseynova bildirib ki, müəllim yalnız bilik öyrədən deyil, eyni zamanda şagirdin dünyagörüşünün, özünəinamının və gələcəyə baxışının formalaşmasına təsir göstərən, onun həyatında silinməz iz buraxa bilən insandır. O qeyd edib ki, müəllim əməyinin ən böyük dəyəri yetişdirdiyi nəsillərin uğurlarında və cəmiyyətin inkişafına verdiyi töhfələrdə öz əksini tapır.
MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova və Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək cəmiyyətin aparıcı qüvvəsi olan müəllimləri peşə bayramları münasibətilə təbrik ediblər. Bildiriblər ki, müəllimlərin gündəlik fəaliyyəti yalnız tədris prosesi ilə məhdudlaşmır, onlar hər bir şagirdin fərdi inkişafında mühüm rol oynayır, onun potensialının üzə çıxarılmasına, gələcək həyata hazırlanmasına mühüm töhfə verirlər. Qeyd olunub ki, müəllimlərin peşəkarlığı, məsuliyyəti və şagirdlərə göstərdikləri diqqət və qayğı təhsil mühitinin keyfiyyətinə birbaşa təsir göstərir.
Təltif olunmuş təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.
Tədbirdə 19 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi və 1, 3, 7 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunub.