Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Təbiət və memarlığın harmoniyası” layihəsi həyata keçirilir.
Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, onların bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, yaşıl şəhər mühiti və ekoloji memarlıq dəyərlərinin təşviqi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, ekoloji problemlərin həllinə dəstək verilməsindən ibarətdir.
Layihə çərçivəsində məktəblərin həyətləri yaşıllaşdırılır və kiçik ölçülü oranjereyalar yaradılır. Həmçinin mövzu ilə bağlı maarifləndirici tamaşalar (səhnəciklər) hazırlanır, Yaşıl layihə: “Təbiət və memarlığın harmoniyası” adlı tədbirlər, seminarlar, ekoloji konfranslar, “Dəyirmi masa”lar, intellektual müsabiqə və ekskursiyalar, aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici görüşlər təşkil olunur, “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçirilir.
Bundan əlavə, “Təbii sərvətlər bizim əlimizdədir” adlı təqdimatlar hazırlanır, debatlar təşkil edilir, ekoloji guşələr və “Yaşıl sinif”lər yaradılır.
Eyni zamanda sahibsiz heyvanlara qulluq və düzgün münasibətin formalaşdırılması məqsədilə ekskursiya və tədbirlər, açıq havada dərslər təşkil olunur, o cümlədən “Yaşıl şəhər modeli” adlı şagird layihələri həyata keçirilir.
Həmçinin “Müstəqil Azərbaycanın təbii irsinə səyahət” adlı virtual və real ekskursiyalar təşkil olunur, istedadlı şagirdlər tərəfindən ətraf mühitin qorunması istiqamətində müxtəlif dillərdə materiallar hazırlanır və internet resurslarında yerləşdirilir.
Layihə çərçivəsində ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlərin müxtəlif nominasiyalar üzrə təltif olunması nəzərdə tutulur.