23.10.2026

Təhsildə keyfiyyət hədəflərinə dair görüşlər davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları ilə 2026-2027-ci tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrasına dair görüşlər davam edir.

Nərimanov, Səbail və Qaradağ rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorları ilə keçirilən görüşdə BŞTİ-nin müdir müavini Turanə Məcidli, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilufər Rəhimova, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova iştirak ediblər.

BŞTİ-nin müdir müavini Turanə Məcidli Keyfiyyət Fəaliyyət Planının məktəblərdə tətbiqi və nəzərdə tutulan tədbirlərin sistemli şəkildə həyata keçirilməsi mexanizmləri barədə məlumat verib. T.Məcidli fəaliyyət planında müəyyənləşdirilmiş prioritetlər üzrə işin təşkili, icra prosesinin əlaqələndirilməsi və nəticələrin mütəmadi qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb, qarşıya qoyulan hədəflərə nail olmaq üçün ardıcıl və məqsədyönlü yanaşmanın vacibliyini qeyd edib.

Paytaxt üzrə ötən tədris ilinin nəticələri və yeni dərs ilinin hədəflərinə dair təqdimatla çıxış edən MÜTDA-nın Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilufər Rəhimova əldə olunmuş nəticələri təhlil edərək əsas inkişaf istiqamətlərini diqqətə çatdırıb. Şöbə müdiri ötən tədris ilinin nəticələri əsasında təhsilin keyfiyyətinin yüksəldilməsi, mövcud çətinliklərin aradan qaldırılması və məktəblərdə keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi məsələləri barədə məlumat verib.

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova Keyfiyyət Fəaliyyət Planı çərçivəsində ümumi təhsil müəssisələrində həyata keçiriləcək tədbirlərin konkret meyarlar əsasında qiymətləndirilməsi və məktəblərdə keyfiyyətə yönəlmiş idarəetmə yanaşmasının tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Keyfiyyət Fəaliyyət Planının icrası, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və məktəbdaxili proseslərin səmərəli təşkili müzakirə olunub. İştirakçıların sualları cavablandırılıb, təhsilin keyfiyyətinin yüksəldilməsi və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlər paytaxtın inzibati rayonları üzrə bütün ümumi təhsil məktəblərini əhatə edəcək.