27.02.2014

SOYQIRIM QURBANLARININ XATİRƏSİ TƏHSİL OCAQLARINDA ANILIR

         Xocalı soyqırımının iyirminci ikinci ildönümü ilə əlaqədar  təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına müvafiq olaraq ümumtəhsil müəssisələrində ədəbi - bədii gecələr, xatirə gecələri keçirilmiş, sənədli və bədii filmlər nümayiş olunmuş, soyqırımın şahidi olanlarla və müharibə veteranları ilə görüşlər təşkil edilmiş, divar qəzeti və bülletenlər buraxılmış, foto - stendlər hazırlanmış, rəsm sərgiləri təşkil olunmuşdur.
315 saylı məktəbdə Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş tədbir soyqırım zamanı qətlə yetirilmiş insanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlamışdır. Daha sonra məktəb şagirdlərinin iştirakı ilə ermənilərin Xocalıda törətdiyi ağlasığmaz vəhşiliklərdən, dinc əhalinin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmələrindən, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmalarından danışılmışdır. Tədbirdə şagirdlər şeirlər söyləmiş, ermənilərin amansızlıqlarından bəhs edən səhnəciklərlə çıxış etmişlər. Tədbirin sonunda erməni vandalizmini göstərən video-çarx təqdim olunmuşdur.
 
***
         Xalqımızın qan yaddaşında silinməz iz qoyan Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı daha bir tədbir 30 saylı məktəbdə keçirilmişdir. “Dumanda itən şəhər” başlığı ilə keçirilən tədbirdə ilk öncə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin aparıcıları o gecənin dəhşətləri, yüzlərlə insanın al qanına qəltan edilib qətlə yetirilməsi, düşmənin kimsəyə aman verməməsi, onun bütün insani hissləri kənara qoyaraq quduz canavara dönməsi, kafir erməninin o gecədə ağbirçək anaya, ağsaqqal qocaya, südəmər körpəyə də güllə atması barədə danışmışlar. Tədbir Xocalı faciəsinin bütün dəhşətlərini əks etdirən ədəbi - bədii kompozisiya ilə davam etmişdir. Məktəbin şagirdləri “Xoca” filmindən mahnı ifa edərək hamını Vətəni sevməyə, lazım gələrsə canından keçməyə səsləmişlər. Tədbirin sonunda məktəbin direktoru çıxış edərək beynəlxalq aləmin bu həqiqətlərdən agah olmasının və Xocalı soyqırımının öz hüquqi qiymətini alması istiqamətində məqsədyönlü tədbirlərin görülməsinin vacibliyindən söz açmışdır. 
 
***
           Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə əlaqədar 328 saylı orta məktəbdə "Yaddaş" adlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər ağlasığmaz dəhşətləri ilə dünyanı lərzəyə gətirən Xocalı faciəsi ilə bağlı fikirlərini şagirdlər ilə bölüşmüşlər.  Tədbirdə soyqırımla bağlı, o cümlədən vətənpərvərlik mövzusunda səhnəciklər göstərilmiş, şeirlər, mahnılar ifa olunmuşdur. Tədbirin sonunda Xocalı faciəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilmişdir. Qeyd edək ki, rəsm əsərlərində qolu – qıçı kəsilən uşaqlar, fəryad edən analar, sinəsinə xəncər sancılan körpə fidanlar, ev – eşiyi yandırılan, qarlı bir gündə meşələrə pənah gətirən baba və nənələr təsvir edilmişdir.
 
***
            159 saylı tam orta məktəbin akt zalında Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş “Lay-lay, Xocalım, lay-lay” adlı ədəbi - bədii gecə keçirilmişdir. Tədbirdə məktəbin direktoru və tarix müəllimləri çıxış edərək Xocalı faciəsini bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət kimi dəyərləndirmiş və onun heç vaxt unudulmayacağını söyləmişlər. Məktəblilər Xocalı fəryadını əks etdirən səhnəciklər nümayiş etdirmişlər. 
 
***
          329 №-li tam orta məktəbdə Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr edilmiş “Xocalı qan yaddaşımız” adlı tədbir keçirilmişdir. 
Tədbirdə ilk olaraq şagirdlər 1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalıda törədilən soyqırım haqqında geniş məlumat vermişlər. Tədbir şagirdlərin hazırladığı səhnəciklə və ifa etdiyi “İgid əsgər” mahnısı ilə davam etmişdir. Məktəbin şagirdləri söylədikləri şeir, mahnı və nümayiş etdirdikləri kiçik səhnəciklərlə Xocalı faciəsini unutmayacaqlarına və işğal altında olan torpaqlarımızın geri alınacağına inandıqlarını bildirmişlər. Tədbirin sonunda məktəbin direktoru Xocalı faciəsi haqqında geniş məruzə etmiş və şagirdləri daima vətəni qorumağa, sevməyə çağırmışdır.