27.02.2014

QİSAS QİYAMƏTƏ QALMAYACAQ

1 saylı tam orta məktəbdə Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr edilmiş “Tarixi unutmaq olmaz!” adlı dəyirmi masa və tədbir  keçirilmişdir. Tədbirdə şagirdlər “XX əsrin faciəsi” adlı mühazirələr söyləmiş və soyqırım haqqında fikirlərini bildirmişlər. Tədbir “Ölüm var ölüm kimi, ölüm var zülm kimi” adlı ədəbi - bədii kompozisiya ilə davam etmişdir.
Şagirdlərin ifasında fevralın 25 - dən 26 - na keçən gecənin dəhşətlərini əks etdirən şeir, bayatı və ağılar səsləndirilmiş, mahnılar ifa olunmuşdur.
Tədbirin sonunda “Ana harayı” adlı abidəyə ziyarət təşkil olunmuşdur.
 
***
Fevralın 26 - da 239 saylı məktəbdə Xocalı faciəsinin anım mərasimi keçirilmişdir. İlkin olaraq faciə ilə bağlı hazırlanmış kompozisiya təqdim olunmuş, şagirdlərin ifasında Xocalı şəhidlərinə həsr edilmiş şeirlər, mahnılar səslənmişdir. Tədbirdə çıxış edənlər Xocalı faciəsinin acı həqiqətlərindən ətraflı bəhs etmiş, Qarabağda məhv olmuş təhsil müəssisələri, incəsənət ocaqları haqqında statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışlar. Bundan başqa, çıxış edənlər soyqırıma dünya dövlətləri tərəfindən hüquqi qiymət verilməsi istiqamətində prezident İlham Əliyevin apardığı siyasətin uğurla nəticələnəcəyinə inandıqlarını ifadə ediblər.
 
***
Xalqımızın qan yaddaşında silinməz iz qoyan Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı daha bir tədbir 44 saylı məktəbdə keçirilmişdir. “Xocalı adlı bir elim var” başlığı ilə keçirilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə şagirdlər o gecənin dəhşətlərini əks etdirən kompozisiyalar nümayiş etdirmişlər.
Sonda məktəbin direktoru çıxış edərək iyirmi iki il əvvəl törədilən soyqırımı insanlığa qarşı cinayət adlandırmış və  bütün dünyanın bu hadisələrin əsl mahiyyətini qəbul etməsinin vacibliyini vurğulamışdır.