28.02.2014

XOCALI – ƏSRİN FACİƏSİ

          51 saylı tam orta məktəbdə Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr edilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə çıxış edənlər Xocalı faciəsinin baş verdiyi tarixi şərait, onun fəsadları, erməni quldurlarının qəddarlığı, Sovet ordusunun ermənilərə yardımı və dünya birliyinin bu faciəyə biganəliyi haqqında geniş söz açmışlar. Məktəbin şagirdləri tərəfindən Xocalı faciəsinin acı həqiqətlərini canlandıran bukletlər hazırlanmışdır. Tədbir  “Xocalıya ədalət” ədəbi - bədii kompozisiyası ilə başa çatmışdır.  
***
         320 saylı tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri Xocalı soyqırımın iyirmi ikinci ildönümünü Qarabağ Azadlıq Təşkilatının üzvləri ilə birgə qeyd etmişlər. Tədbirdə çıxışçılar xalqımızın başına gətirilən faciələrdən söz açaraq Azərbaycan dövlətinin öz varlığını artıq sübut etdiyini və dünyanın bütün azərbaycanlılarının qələbə gününü qeyd edəcəklərinə inandığını vurğulamışlar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən qonaqlar onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləmişlər. Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hislərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, kompozisiyalarda ifadə etmişlər.
***
         293 saylı orta məktəbdə Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr edilən tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Soyqırımı əks etdirən video kadrlar nümayiş etdirilmiş, faciəyə həsr edilən şeirlər səsləndirilmişdir. Tədbirdə çıxış edənlər prezident və ali baş komandan İlham Əliyevin əmri ilə silaha sarılıb torpaqlarımızı düşməndən azad etməyə qadir Milli Ordumuzun gücünə inandıqlarını bildirmişlər. Tədbirdə şagirdlərin ifasında əsrin faciəsinə həsr edilən şeirlər də dinlənilmişdir.
***
          Bakıdakı 307 saylı orta məktəbdə "Xocalı – əsrin faciəsi" başlığı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin təlim tərbiyə üzrə direktor müavini açaraq, Xocalı faciəsi haqqında məlumat vermişdir. Daha sonra məktəbin direktoru uşaqlara bu faciənin dəhşətlərindən söz açmışdır.
Tədbirdə iştirak edən ibtidai sinif şagirdləri də Xocalı faciəsindən, bu faciənin xarici mətbuatda işıqlandırılmasından danışmışlar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsinə həsr olunmuş mahnılar səsləndirilmiş, şeirlər söylənilmiş, faciəyə həsr olunmuş səhnəciklər göstərilmişdir. Tədbirdə Xocalı soyqırımını əks etdirən video lentlər də nümayiş etdirilmişdir.  
 ***
         Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr olunmuş daha bir tədbir 267 saylı  məktəb - liseyin akt zalında keçirilmişdir. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Anım mərasimində ilk öncə aparıcılar soyqırımın tarixi barədə geniş məlumat vermişlər. Şagirdlərin ifasında fevralın 25 - dən 26 - na keçən gecənin dəhşətlərini əks etdirən şeirlər səsləndirilmiş, mahnılar ifa olunmuş, səhnəciklər göstərilmiş, sənədli filmlər nümayiş etdirilmişdir. Tədbirdə soyqırımla bağlı görüntülərin yer aldığı video kadrlar nümayiş etdirilmiş, “Xocalı uşaqların gözü ilə” stendinə baxış keçirilmişdir. Tədbirdə çıxış edənlər təcavüzkar ermənilərin vəhşiliklərindən, tarix boyu yürütdükləri mənfur siyasətlərindən bəhs etmiş, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından tezliklə azad ediləcəyinə inandıqlarını bildirmişlər.