18.03.2014

YURDUMUZA BAHAR GƏLİR

Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi paytaxt məktəblərində də Novruz şənlikləri keçirilir. Baharın gəlişini şənliklə qarşılayan şagirdlərin iştirakı ilə keçirilən bu tədbirlər milli adət - ənənələrimizin yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.   

293 saylı məktəbin pedaqoji kollektivi və şagirdləri Bahar bayramını təntənə ilə qeyd edib. Sözügedən məktəbdə martın 12 – də “Bahar gəldi, yaz gəldi”, martın 13 – də isə “Novruz bayramınız, yaz bayramınız mübarək!” mövzusunda bayram şənliyi keçirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir - bərəkət bəxş edən bahar, insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən Novruz bayramı münasibətilə təbrik edib, onlara sevincdolu günlər arzulayıb. Tədbirdə şagirdlər şairlərimizin, aşıqlarımızın Novruza, baharın gəlişinə həsr etdikləri şeirlərdən parçalar söyləyib, Novruz şənliklərini əks etdirən səhnəciklər göstəriblər. Onlar nənə və babalarından eşitdikləri xalq inanclarını, deyimlərini tədbir iştirakçılarına çatdırıblar.

Sonda çıxış edən direktor müavinibolluq, xeyirxahlıq, gözəllik, şən gülüşlər və humanist ideyalar bayramı olan Novruz münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra milli ənənələrimizin qorunub saxlanılmasının vacibliyini bildirib.

***

15 mart 2014 – cü il tarixində 298 saylı məktəbdə əsrlərdən bəri süzülüb gələn, xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən, dünya xalqlarının bayramları içərisində ən yaxşılardan olan Novruzun gəlişi ilə əlaqədar tədbir keçirilib.Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Novruz bayramına həsr olunan səhnəciklər göstərilib, mahnılar oxunub, xalq rəqsləri ifa olunub.

Bayramın əsas personajlarından olan Kosa və Keçəlin məzəli rəqsləri yazla qışın görüşü təəssüratını yaradıb. Bahar qızının çıxışı isə şənliyə daha da rəngarənglik qatıb.

Tədbirdə məktəbin direktoru çıxış edərək iştirakçıları elimizin gözəl bayramı olan Novruz münasibətilə təbrik etdikdən sonra Novruzun öz çal – çağırı, qədim mərasimi, gur tonqalları ilə yüz illərdir ki, xalqımızın sevinc, şadlıq mənbəyi, gün – güzəranının yaraşığı olub, tariximizin müxtəlif dövrlərində təzyiqlərə məruz qalsa da bu günümüzə qədər gəlib çatması haqqında məlumat verib.

***

133 saylı məktəbin kollektivi gənc nəslə milli adət - ənənələrimizi öyrətmək, onlara bu mənəvi dəyərlərə hörmət hissi tərbiyə etmək məqsədi ilə martın 15 - də rəngarəng bir proqramla Novruzun gəlişini qeyd edib. İlkin olaraq aparıcılar millətimizin mənəvi sərvəti olan Novruz adət - ənənələri haqqında geniş məlumat veriblər. Bahar bayramının əsas atributları ilə bəzədilən məktəbdə Novruzu qarşılayanlar arasında Bahar qızı, Keçəl və Kosa, nağıl qəhrəmanları, xalq oyunlarının balaca ifaçıları da olub. Şagirdlər yazın gəlişinin el-obamızda qeyd edilməsinin tarixindən danışaraq hər birimiz üçün əziz olan Novruz bayramının inanclarından söz açıblar. Qədim keçmişimizdən bu günə qədər gəlib çatan bayram ənənələrinin yenidən kütləvilik qazanmasında əməyi olan insanların xatirəsinin də yad edildiyi şənliyi məktəbin balaca ifaçıları öz çıxışları ilə daha da rəngarəng ediblər. Onların ifasında yazın gəlişinin tərənnüm edildiyi şeirlər səsləndirilib, mahnı və rəqslər ifa olunub.

***

190 saylı tam orta məktəbdə Novruz bayramına həsr olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi Səfərəliyeva Pərvanənin təşkilatçılığı ilə keçirilib. Tədbirə Bahar qızı ilə bərabər Novruzun simvollarından olan Kosa və Keçəl də qonaq gəlib. Novruz atributları olan Kosa və Keçəlin məzəli səhnəcikləri, danışdıqları macəralar mərasim iştirakçılarında xoş ovqat yaradıb.

Novruzun qarşılanması ilə bağlı uzun əsrlərdən gələn adət - ənənənin də nümayiş etdirildiyi bayram şənliyində xalq oyunları sərgilənib.Bundan başqa, şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, səməni, kosa və keçələ aid müxtəlif şeirlərlə çıxış ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru bayram münasibətilə təbriklərini çatdıraraq uzun yüzilliklərdən bu günümüzə gəlib çatan milli bayramımızın dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb.

***

307 saylı tam orta məktəbdə "Novruz ənənələri" adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqədə milli bayramın atributlarını özündə əks etdirən rəsm və əl işləri nümayiş olunub.

Martın 7 – də başa çatan müsabiqədə 45 ibtidai sinif şagirdi iştirak edib. Birinci mərhələdə 25 şagirdin rəsm işi seçilərək ikinci mərhələyə buraxılıb. İkinci mərhələdə isə 10 rəsm əsəri fərqlənərək qaliblər müəyyən olunub.