31.03.2014

Uşaq dünyasının böyük düşüncələri

Bugünkü qonağımız “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na uyğun olaraq Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə keçirilən müsahibədən uğurla keçən Əhmədzadə Ramiz Ramin oğludur.

 

2007 – ci ilin oktyabr ayının 7 – də anadan olan Ramiz Əhmədzadə 164 saylı məktəbin I sinif şagirdidir.

Ramizi xarakterizə edəndə ən çox “mehribandır”, “sadəlövhdür”, “hazırcavabdır” ifadələri işlədilir. Müəllimi Afət Allahverdiyevanın sözlərinə görə, məktəbə qədəm basdığı ilk gündən Ramiz qeyri – adiliyi ilə digər şagirdlərdən fərqlənib. Müəllimi deyir ki, sinifdə hamı onu çox sevir. Çünki hamı ilə yoldaşlıq münasibətindədir və bacardığı qədər hamıya kömək etməyi xoşlayır.

Ramizin maraq dairəsi çox genişdir. İdmanla maraqlanır, rəsmlə məşğul olur, rəqsi sevir, bir – birindən maraqlı hekayələr yazır, ingilis dilini öyrənməyə çalışır.

 

 

 

 

 

 

 

Ramiz böyüdükcə özü kimi arzuları da böyüyür. Bizim “Böyüyəndə kim olacaqsan?”, “Hansı peşəni seçəcəksən?” sualımıza atası kimi hüquqşünas olmaq istədiyini bildirdi.

Ramiz bütün fənləri yaxşı oxuyur. Ən sevdiyi fənlər isə riyaziyyat, Azərbaycan dili və İngilis dilidir.

Nənəsinin sözlərinə görə, Ramiz yazıb - oxumağa çox erkən  maraq salıb. Hətta məktəbə getməmişdən öncə “Trio” tədris idman və incəsənət mərkəzində dərslərinə məsuliyyətlə yanaşmasına görə ona diplom verilib. 3 yaşından kompüterdən istifadə etməyə başlayıb.

Ramiz məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edir. Hələ 6 yaşı olmasına baxmayaraq bir çox nailiyyətlər də qazanıb. Belə ki, 02.11.2013 – cü il tarixində təşkil olunmuş “Əyləncəli riyaziyyat” sərgisində iştirakına görə təltifnamə ilə təltif edilib.

 

 

Bundan başqa, I – IV siniflər arasında keçirilən “Bayraq günü”nə həsr edilən rəsm müsabiqəsində və “Vətənim Azərbaycan” adlı şeir müsabiqəsində I yeri tutduğu üçün fəxri fərmanla təltif edilib. 2012 – 2013 – cü tədris ili ərzində mərkəzin “Erudit” dərnəyinin fəal üzvü olduğu üçün Bakı Şəhəri 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi tərəfindən diplomla təltif edilib.

Balaca qəhrəman 2012 – ci ilin may ayında 1945 – ci il qələbəsinin şərəfinə Ukraynanın paytaxtı Kiyevdə əlbəyaxa döyüş üzrə keçirilən yarışda uğurla iştirak edərək medal qazanıb.

Ramizin bacarıqları bunlarla bitmir. O hətta maraqlı hekayələr də yazır. Böyüyəndə isə kitabının nəşr olunması arzusundadır. Onun “Yay günü”, “Sevincin ad günü”, “Novruz bayramı”, “Super Ramiz”, “Klounla yeni il” və başqa hekayələri var.

Bəlkə də Ramiz yaşından daha tez böyüyür, bəlkə də böyüdükcə uşaqlıq duyğuları daha çox üzə çıxacaq. Amma onun hələ 6 yaşlı uşaq olduğunu kiçik bacısı ilə oynayanda gözlərindəki sevincdən duymaq olar. O gözlərdə böyük qardaş qüruru, məsuliyyəti və uşaq olmağın həvəsi də var.