03.04.2014

Gələcəyə inam

Tanış olun, bugünkü həmsöhbətimiz XI sinif şagirdi Məmmədli Kifayət Famil qızıdır.  Kifayət 1997-ci il aprelin 14-də Bakı şəhərində anadan olmuşdur. O, şəhid Rafiq Nəsrəddinov adına 39 saylı orta məktəbin şagirdidir və təhsilinə 2003-cü ildə hal-hazırda oxuduğu ümumtəhsil məktəbində başlamışdır. Bu müsahibədə biz Kifayətin uğurlarından söz açmaq istəyirik.

O 2013-2014-cü tədris ilində təşkil edilən fənn olimpiadalarında iştirak etmişdir. Kifayət Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin I və II turunu müvəffəqiyyətlə keçmiş və  Respublika turuna vəsiqə qazanmışdır. Müsahibimiz olimpiadanın onda özünəinam hissinin artırdığını bildirdi.“Bu, mənim üçün gözlənilməz oldu, çox sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur” deyə sevincini belə ifadə edir Kifayət.XI sinfə qədər əla qiymətlərlə oxuyan və qızıl medal iddiaçısı olan Kifayət uğurun sirrini çalışmaq, motivasiya və ətraf mühitin təsiri arasında böldü. Onun fikrincə, hər üç komponent bir yerdə vəhdət təşkil etməlidir.

Kifayət eyni zamanda məktəbin ictimai həyatında yaxından iştirak edir. O, doğma məktəbində keçirilən bədii qiraət, səhnə yarışmasında I yer tutmuşdur. Gözəl şeir demək qabiliyyətinə malik olan Kifayət söhbətimiz zamanı bizə görmək arzusunda olduğu Qarabağ haqqında bir bənd şeir də dedi:

Bir də görəcəyəmmi mən Şuşanı, Laçını?

Bulaq başında qızlar yenə yuyur saçını.

Pərdə-pərdə ucalır mahnı səsi, ney səsi,

Xocalıda çalınır Qarabağ şikəstəsi.

Kifayətin həm də kiçik şeirlər yazmaq qabiliyyəti də vardır. Onun “Tumurcuq” və “Savalan” qəzetinlərində “Əziz müəllimim” məqaləsi, “Nənəm mənim” şeiri  çap olunmuşdur. O, ibtidai sinifdə oxuyarkən öz müəlliməsi Sədaqət xanıma şeir həsr etmişdir.

Siz bizə anadan əziz bir insan,

Sizinlə fəxr edir sinfimiz inan.

Sədaqət müəllimə, heç vaxt, heç zaman.

Yaddaşdan silinməz nurlu simanız,

Qayğıkeş anamız, gözəl anamız.

Qonağımız həm də musiqi təhsili almışdır. O, 1 saylı Laçın musiqi məktəbinin fortepiano sinfini bitirmişdir. Kifayətin ruhun qidası, istirahət, sakitlik kimi adlandırdığı musiqiyə sevgisi gözlə görüləcək qədər yüksəkdir. Musiqi təhsili aldığı müddətdə o müxtəlif festivallarda, xorda və konsertlərdə iştirak etmişdir.

Hal-hazırda məzun olmağa hazırlaşan və istirahətə vaxtı çox az olan Kifayət  boş vaxtlarında xarici dil öyrənməyə, fortepianoda ifa etməyə və musiqi dinləməyə üstünlük verir və istirahətini də səmərəli keçirməyə çalışır. O, eyni zamanda ədəbiyyat sevərdir. Kifayət yeni oxuduğu kitablardan da bizə söz açdı və Hüseyn Cavidin “İblis” faciəsini, Tolstoyun “Hərb və sülh”  əsərini, Nizaminin “Xəmsə” sini oxuduğunu bildirdi.

Söhbətimiz zamanı məktəbindən və müəllimlərindən olduqca razı olduğunu bildirən Kifayət ailəsi ilə yanaşı, müəllimlərinin də onun şəxsiyyət kimi formalaşmasında çox zəhməti olduğunu vurğuladı. O, fürsətdən istifadə edib ilk müsahibəsində 39 nömrəli məktəbin direktoru Tahirə Şükürovaya, ibtidai sinif müəllimi Sədaqət Məlikovaya, sinif rəhbəri Tosifə Rzayevaya, fənn müəllimləri Gülşən Köçərli və Gülüş Səlimovaya da öz minnətdarlığını bildirdi.

Kifayət həm də abituriyentdir. Qarşıda onu həyatında önəmli yer tutan qəbul imtahanı gözləyir. Öncədən həkim olmaq istəyən Kifayət sonradan anasının da  razılığı ilə hüquqşunas olmaq fikrinə düşür və bu yolda əmin addımlarla irəliləyir. O, bu seçimini belə əsaslandırır: “Mən özümə inanıram və haqqın, hüququn əzilməyinə imkan vermərəm. Bir də ən əsası odur ki, seçdiyin peşəni sevəsən, ona həqiqətən bağlı olasan. Əgər həmin peşəni sevsən, onun sirlərinə dərindən yiyələnə biləcəksən”. Onun hal-hazırda yeganə arzusu tezliklə Bakı Dövlət Universitetinin tələbəsi adını qazanıb, bu elm ocağında təhsilini davam etdirməkdir. Kifayətə bu yolda  uğurlar arzulayırıq.