07.04.2014

“Fövqəladə hallar zamanı özünü necə aparmalı”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti 276 saylı məktəbdə “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə çıxış edən məktəbin direktoru Bəhrəm Şiriyev tədbirin maarifləndirmə baxımından əhəmiyyətinə toxunaraq burada verilən məlumatların məktəblilərin fövqəladə hallar zamanı davranışlarına müsbət təsir göstərəcəyini deyib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, əsas məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, qarşısını almaq və ya baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir.

Tədbir çərçivəsində məktəbin müəllim və şagird heyətinə müxtəlif fövqəladə hallar zamanı necə davranılması barədə bilgilər verilib və  FHN-in istifadəsindəki avadanlıqlar nümayiş olunub. Xüsusi riskli axtarış və qəza xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqların təyinatı, onların iş prinsipləri, fövqəladə hallar zamanı ilkin tibbi yardım göstərilməsi barədə məlumat verilib.

Sonda axtarış xilasetmə əməliyyatı üzrə nümunəvi praktik təqdimatlar olub.