08.04.2014

Beynəlxalq müsabiqələrin qalibi

Son illər Azərbaycan gənclərinin müxtəlif beynəlxalq müsabiqələrdə qələbələr qazanmaları ölkəmizdə istedadlar nəslinin yetişdiyini bir daha göstərir. Belə istedadlardan biri də 187 saylı məktəbin XI sinif şagirdi, gənc vokalçı Eminzadə Emin Xəzər oğludur. O Emin ki, hələ kiçik yaşlarından qazandığı uğurları ilə hər kəsi təəccübləndirməyi, sevindirməyi bacarıb.

Emin 1997 – ci ilin mart ayının 29 – da Bakıda anadan olub. 10 yaşından musiqi ilə məşğuldur. Eminin maraq dairəsi çox genişdir. Xarici dilləri öyrənmək onun sevimli məşğuliyyətidir. Rus və ingilis dillərində sərbəst danışmağı bacarır. Gələcəkdə isə italyan və ispan dillərini öyrənmək arzuzundadır. Aktyorluğa da həvəsi çox böyükdür. Bizim istedadlı qəhrəmanımızın əksər oğlan uşaqlarının sevimli oyunu olan futbola çox da marağı yoxdur. Emin “bodybuilding və fitness”lə də məşğuldur.

Qeyd edək ki, Emin ABŞ konqresi tərəfindən təsdiq edilən və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan “FLEX” proqramı üzrə təşkil edilən imtahanda da uğurlu nəticə göstərib.

Atası Xəzər müəllim Eminin istedadının hələ çox kiçik yaşlarından özünü büruzə verdiyini deyir: “Dəcəl, ərköyün olmasına baxmayaraq onun istedadı, qazandığı nailiyyətlər bizi valideyn olaraq çox sevindirir”.

Atası deyir ki, uşağın hərtərəfli yetişməsində ailə ilə yanaşı, məktəbin də rolu çox böyükdür və bu baxımdan Eminin bəxti gətirib: “Məktəb rəhbərliyi Eminlə xüsusi maraqlanır. Məktəbdə istedadlı şagirdlərə xüsusi diqqət ayrılır. Çünki onlar Azərbaycanın gələcəyidir”.

Eminin arzuları arasında gələcək peşəsi haqqında düşüncələr də əsas yer tutur. O, gələcəkdə də musiqi sahəsindəki fəaliyyətini davam etdirməyi düşünür. O ki qaldı ailənin istiqamətləndirməyinə, Eminin ailəsi bu seçimi övladının ixtiyarına buraxacaqlarını bildirir.

Emini artıq gənc bir vokalçı kimi hər kəs tanıyır. Emin 2009 - cu ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistidir. 2009 - cu ildən Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin Musiqi Məktəbinin fortepiano sinfinə daxil olub. Hal -  hazırda G.Şaroyev adına musiqi məktəbinin vokal üzrə IX sinif şagirdidir. Müəllimi SSSR - i xalq artisti, professor Fidan Qasımovadır.

Emin musiqi üzrə keçirilən bir çox beynəlxalq yarışlarda çəkinmədən iştirak edib və böyük uğurlar qazanıb.  Belə ki, istedadlı qəhrəmanımız 2011 - ci ilin fevral ayının 13 - də Heydər Əliyev adına sarayda keçirilən dünya şöhrətli tenor Robertino Lorettinin Bakı konsertində iştirak edərək “Jamayka” və “O Sole Mio” mahnılarını ifa edib. Məhz həmin çıxışdan sonra italyan müğənni Emini “Azərbaycanın Robertinosu” adlandırıb. Bundan sonra Emin Robertino Lorettinin təşəbbüsü ilə İtaliyanın paytaxtı Roma şəhərində keçirilən “Elia Catalano” festivalına qatılıb və 14 yaşında festivalın qalibi olub.

Bundan başqa, Emin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Robertino Lorettinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş yubiley mərasimində də iştirak edib və onunla birlikdə “Santa Lucia” əsərini ifa edib.

Emin 2012 - ci ilin iyun ayının 23 - 30 - da İspaniyanın Lloret de Mar şəhərində keçirilmiş “Opus – 2012” VIII Beynəlxalq Mahnı Müsabiqəsinin laureatı olub. Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Altay Əfəndiyev isə Eminə müsabiqədə Azərbaycanı uğurla təmsil etdiyinə görə “təşəkkürnamə” təqdim edib.

Eminin uğurları bunlarla bitmir. O, 2013 - cü ilin aprel ayının 12 – 14 - də Qazaxıstanın Kustanay şəhərində keçirilmiş “Qızıl mikrafon” XI Beynəlxalq Vokal Müsabiqəsinin də qalibi olub.

Emin 2013 - cü ilin iyun ayının 19 – 27 - də İspaniyanın Kataloniya vilayətində Llored De Mar şəhərində keçirilmiş “Opus - 2013” IX Beynəlxalq Mahnı Müsabiqəsinə fəxri qonaq və aparıcı kimi dəvət olunub. Tədbiri ingilis dilində aparan gənc vokalçı müsabiqə ərzində «Be my Guest», «Cry me a River» və Müslüm Maqomayevin «Azərbaycan» mahnısını ifa edib.

Emin 2013 - cü ilin iyul ayında Qazaxstanın Astana şəhərində keçirilən “Şattık” festivalının da qalibi olub.

Bundan başqa, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təsisçisi olduğu “Baku” jurnalının mart - aprel nömrəsində gənc istedadın sənətinə verilən yüksək qiymətin təzahürü olaraq 6 səhifəlik “Лестница в небо” (“Səmaya pillələr”) başlığı altında məqalə dərc olunub.

Qeyd edək ki, Eminin “Bubble dreams” adlı yeni mahnısı mart ayının 30 – da işıq üzü görüb.

Emin ölkəmizdə də keçirilən müsabiqələrdə bir çox nailiyyətlər qazanıb. 2013 – cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Zirvələrə doğru” konsert müsabiqəsinin final mərhələsində uğurlu çıxışına görə diplomla təltif edilib. 2013 – cü ilin iyun ayında isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İstedadlı Uşaqlar Festivalı - 2013” mükafatına layiq görüldüyü üçün Eminə diplom verilib.

Eminlə danışdıqca tərbiyəli, ağıllı, böyük istedada malik bir Azərbaycan gəncini tanıyırıq və inanırıq ki, dövlətimizin də dəstəyi ilə bu böyük istedad gələcəkdə də qazandığı uğurları ilə bizi hər zaman sevindirəcəkdir.