10.04.2014

“Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda seminar – müsabiqəyə start verilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “HB Co.LTD”nin birgə təşkilatçılığı ilə Binəqədi rayonu ərazisindəki orta ümumtəhsil məktəblərində “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda seminar – müsabiqəyə start verilib. Seminar - müsabiqə çərçivəsində ilk açılış tədbiri 276 saylı orta məktəbdə keçirilib.

Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda seminar – müsabiqənin əsas məqsədi yeniyetmə və gənclərin alkoqoldan və siqaretdən istifadə səbələrini öyrənmək və onların bu zərərli vərdişlərdən uzaqlaşmasına nail olmaqdır.

Qeyd edək ki, Binəqədi rayonu üzrə 32 məktəbi əhatə edəcək 7 seminar keçiriləcək. Layihənin hədəf qrupu Binəqədi rayonu ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin X – XI sinif şagirdləridir. Hər seminar müddətində şagirdlər arasında yazılı şəkildə sorğu keçirilməsi və şagirdlərin bu tədbirdə aktiv iştirakını təmin etmək məqsədilə mövzu ilə bağlı müsabiqənin elan olunması nəzərdə tutulub.

Açılış tədbirində çıxış edənlər tütün, alkoqol və digər zərərli vərdişlərin gənclərin sağlamlığına müxtəlif dərəcəli ziyan vurduğunu bildirərək onları zərərli vərdişlərdən uzaq olmağa səsləyib və bu kimi tədbirlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Tədbirdə o cümlədən, tütün, alkoqol və narkomaniyaya qarşı mübarizədə məktəbin ailə ilə birgə çalışmasının vacibliyi də qeyd edilib.

Tədbir tütün və alkoqolun insan sağlamlığına zərəri haqqında müxtəlif slaydların göstərilməsi ilə davam edib.