11.04.2014

Bakı və Odessa orta məktəbləri arasında telekörpü keçirilib

Bu gün Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində 47 saylı məktəb ilə Odessanın 35, 107 saylı məktəbləri arasında Odessa şəhərinin alman faşistlərindən azad edilməsinin 70 illiyinə həsr olunan telekörpü təşkil olunub. Telekörpüdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko, Respublika Veteranlar Şurasının hərbi - vətənpərvərlik komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Azərbaycan Respublikası Veteranlar Şurasının nümayəndələrindən Məhəmməd Hüseynov, Qriçenko Aleksandr, Seyfulla Baxışov, Tofiq Əhmədov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak edib. Bildiyimiz kimi, Odessanın azad edilməsində  416 - cı Taqanroq Azərbaycan diviziyası da iştirak edib.

Telekörpüdə Odessa məktəblərinin müəllim və şagirdləri tərəfindən şəhərin alman faşistləri tərəfindən işğal olunması haqqında geniş məlumat verilib. Şagirdlər Odessanın azad edilməsi ilə əlaqədar olaraq müxtəlif şeirlər söyləyib, mahnılar ifa ediblər.

Tədbirdə çıxış edən azərbaycanlı veteran da keçmiş tarixə nəzər salaraq o günləri bir daha xatırlayıb.

47 saylı məktəbin şagirdləri və tədbir iştirakçıları Odessanın azad edilməsinin 70 illiyi ilə əlaqədar təbriklərini çatdırdıqdan sonra belə telekörpülərin ənənə halını alması arzularını da dilə gətiriblər.

Onu da qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsi digər ölkələrin və xalqların tarixi və mədəniyyəti ilə tanış olmağa çox yaxşı fürsət yaratdır.