14.04.2014

Gənc rəssamın fərdi sərgisi

Fitri istedad insan doğulanda onunla birlikdə dünyaya gəlir. Bu istedad çox vaxt kiçik yaşlardan üzə çıxmağa başlayır. Hər bir istedadlı insanın özünün görmək istədiyi tam fərqli bir dünyası olur. Heydərova Lalə Azad qızının da zəngin, sehrli dünyası var. Bunu gənc həvəskar rəssamın çəkdiyi şəkillərdə də görmək olar.

Lalə Heydərova 1999 – cu ilin aprel ayının 12 – də Bakıda anadan olub. Hal – hazırda Heydər Əliyev adına liseyin IX sinif şagirdidir. Rənglər aləmi onu kiçik yaşlarından cəlb etməyə başlayıb. Hələ 5 yaşı olarkən xəyalında canlandırdıqlarını ağ vərəqlərə köçürərdi. Müəllimi Respublika İncəsənət Gimnaziyasının müəllimi Əsgər Əsgərovdur.

Lalə ilə söhbət edərkən qarşımızda böyük qələbələr arzusu və inamı ilə yaşayan birini gördük. Təmkinli davranışı, suallara sakitliklə cavab verməsi onun barəsində bu düşüncənin formalaşmasına təkan verir.

Lalə rəsmlə məşğul olmasına baxmayaraq dərslərini də yaxşı qiymətlərlə oxuyur. Sevdiyi fənn Azərbaycan dili və ədəbiyyatdır. Məsuliyyətindən doğan istəklə bütün fənlərə eyni münasibət göstərməyə çalışır, amma təbii ki, müəyyən istisnalarla.

Lalənin dərslə bağlı çətinliyi olanda ən yaxın köməkçisi anası olur. Onun ailəsi, xüsusən də anası Sevinc xanım övladlarının təhsili, tərbiyəsi, hərtərəfli yetişməsi üçün çox səy göstərir. Hər gün dərsləri ilə maraqlanır, çalışır ki, uşaqları hərtərəfli böyüsün.

Lalə sakit təbiətlidir, heç bir zaman özünün bilib, başqalarının bilmədiyinə görə qürur hissi keçirməz. Lalə kimə kömək lazım olsa köməyini ondan əsirgəməz. IV sinifdə oxuyan qardaşına da dərslərində kömək edir və ona rəsm çəkməyi öyrədir.

Lalənin rəsmlə yanaşı musiqi sahəsinə də marağı böyükdür.  Bunun nəticəsidir ki, məktəbdə keçirilən tədbirlərdə mahnı oxuyaraq gözəl səsi ilə hər kəsi heyran edir. Lalə idmanın üzgüçülük növü ilə də məşğuldur.

Qeyd edək ki, aprelin 9 – da  “Qalereya 1969” sərgi salonunda gənc həvəskar rəssam Lalə Heydərovanın “Mənim kiçik dünyam” adlı fərdi rəsm sərgisi nümayiş olunub, istedadlı rəssamın yaradıcılıq dünyasına nəzər salınıb.

Tədbirdə 22 rəsm nümunəsi - “İşərişəhər”, “Bahar”, “Karvan”, “Rəngarəng dəniz”, Meyvələr” və s. sərgilənib. Təqdim olunan bu sərgi Lalənin “sənət dünyası” ilə ilk tanışlığıdır. Onun daxili aləmi, maraq dünyası və rənglərə sevgisi bu rəsmlərdə öz əksini tapıb.

Lalə çox bacarıqlıdır, güclü rəng duyumu var. O, müxtəlif janrlarda sərbəst işləyir. Onun rəsm əsərləri məzmun etibarı ilə tamaşaçıları düşünməyə vadar edir.

Sərgidə Lalənin babası tanınmış ədəbiyyatşünas alim, şair Ayaz Vəfalı,  Respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam Əsgər Əsgərov, xalq rəssamlarından Ağəli İbrahimov, Arif Hüseynov və digər tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər. Çıxış edənlər gözəl gələcəyi olan gənc rəssamın əsərlərini yüksək qiymətləndirərək bu sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşıladığını bildirib və Laləyə incəsənət sahəsində yaradıcılıq uğurları arzulayıblar. Nəzərinizə çatdıraq ki, gənc rəssamın əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Lalənin gələcəyi ilə bağlı fikirləri də var. Onu bir müqəddəs arzu qanadlandırır. O, sehrli rənglər dünyasının dərinliklərinə varmaq, hər kəsin düşə bilmədiyi aləmdə özünü tapmaq istəyir. Bu məqsədlə də o, təhsilini əvvəlcə Əzim Əzimzadə adına İncəsənət kollecində, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirmək arzusundadır. Bu gözəl, maraqlı incəsənət sahəsində Laləyə uğurlar arzulayırıq.