18.04.2014

Zəlimxan Yaqubun yaradıcılığına səyahət

Aprel ayının 16 - da Nizami rayonu 328 saylı məktəbdə xalq sairi Zəlimxan Yaquba həsr olunan “Azərbaycan torpağıyam” adlı ədəbi – bədii gecə keçirilib. Tədbirdə poeziyamızın qüdrətli saz, söz ustadı Zəlimxan Yaqubun ədəbiyyatımızda tutduğu mövqeyi, aşıq yaradıcılığının inkişafı üçün göstərdiyi xidmətlərdən danışılıb, şairin həyat və yaradıcılığından geniş bəhs edilib.

Tədbirdə məktəbin şagirdlərinin ifasında ədəbi - bədii kompozisiyalar nümayiş olunub, şairin şeirlərindən parçalar səsləndirilib. Şagirdlər çaldıqları aşıq havaları ilə tədbirə daha da rəng qatıblar.

Çıxışlardan və ifalardan sonra şeirlərini öz dilindən dinləmək üçün söz tədbirin səbəbkarı Z.Yaquba verilib. O, çıxışı zamanı 50 yaşında “Şöhrət” ordeninə layiq görüldüyünü, 55 yaşında “Xalq şairi” adını qazandığını, 60 yaşında isə “Şərəf” ordeni ilə təltif edildiyini bildirsə də, onun üçün ən böyük mükafatın xalq sevgisi, el məhəbbəti olduğunu vurğulayıb. Çıxışının sonunda isə Zəlimxanı xatırlayanlara, şeirlərini oxuyanlara, sazını ifa edənlərə, musiqisini bəstələyənlərə, tədbirdə iştirak edən ziyalılara, o cümlədən tədbiri keçirən 328 saylı məktəbin kollektivinə təşəkkürünü bildirib.

Tədbirin sonunda Zəlimxan Yaqub kitablarını məktəbin kollektivi və şagirdlərinə hədiyyə edib.