30.04.2014

AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ANILIB

28 aprel 2014  - cü il tarixində Milli Qəhrəman Rafiq Nəsrəddinov adına 39 saylı məktəbdə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 91 illiyi münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə Şükürova açaraq akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı barədə geniş məlumat verib. Həmin gün şagirdlərin söylədikləri şeirlər, mahnılar və ifa etdikləri rəqslər ilə məktəbdə Zərifə Əliyevanın xatirəsi böyük məhəbbətlə yad edilib, onun Azərbaycan və dünya tibb elmi üçün əvəzsiz xidmətləri sadalanıb.

Akademik Zərifə Əliyeva öz həyat və fəaliyyəti ilə bu günə qədər barəsində ancaq ən yaxşı sözlərin eşidilməsinə nail olub. “Elə insanlar var ki, onların ömür yolu minlərə, milyonlara nümunə olur. Zərifə Əliyeva da məhz insanlara bəxş etdiyi nur ilə yaşayır” - deyən şagirdlər onun ümummilli lider Heydər Əliyevin ömür - gün yoldaşı kimi bütün çətinliklərə sinə gərərək vəfalı, sədaqətli Azərbaycan qadının müqəddəs obrazını yaratdığını bildiriblər.

Anaya aid bayatılar, atalar sözləri, dahilərin ana barədə söylədikləri, illərin yaddaşından süzülüb gələn deyimlərlə davam edən tədbirdə şagirdlərin ifa etdikləri “Ana” mahnısı alqışlarla qarşılanıb.

Tədbir akademik Zərifə Əliyevaya həsr edilən sənədli filmin nümayişi ilə yekunlaşıb.