08.05.2014

Heydər Əliyevin 91 illiyi ümumtəhsil müəssisələrində qeyd olunur

Səbail rayonu Badamdar qəsəbəsindəki şəhid Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan tədbir keçirilib. Bayramsayağı bəzədilən məktəb həyətində başlanan tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri 239 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açaraq qonaqları salamlayıb və ulu öndərin doğum günü ilə bağlı məktəbdə görülən işlər barədə məlumat verib.

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb.

Tədbirdə məktəblilər Heydər Əliyevə həsr olunan şeir və mahnıları ifa ediblər. İbtidai sinif şagirdləri dahi liderin doğum günü ilə bağlı "91" və Heydər Əliyev Fondunun 10 illiyi ilə bağlı "10" rəqəmlərinin fiqurlarını nümayiş etdiriblər.

Sonra məktəbin 15 sinfində "Əsrlərə bərabər illər" mövzusunda elmi-praktik seminar keçirilib. "Heydər Əliyev və ordu quruculuğu", "Zəmanəmizin ən böyük azərbaycanlısı", “Heydər Əliyev və uşaq hüquqları", "Heydər Əliyev - zəmanəmizin lideri" və digər mövzularda seminar məşğələləri, şagirdlərin ulu öndərə həsr olunmuş elektron təqdimatları və əlamətdar gün münasibəti ilə təşkil olunan tədbirlər çərçivəsində keçirilən "Şən startlar" yarışlarının final mərhələsi keçirilib.

Tədbirdə RİH ilə yanaşı, Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, rayon pelaqoji ictimaiyyətinin nümayəndələri, Badamdar qəsəbə nümayəndəliyi və Badamdar Bələdiyyəsinin rəhbərləri də iştirak ediblər.

***

44 saylı tam orta məktəbin pedaqoji kollektivi və şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin 91 illiyi ilə bağlı “Böyük ömrün möcüzəli anları” adlı tədbir keçirilib. Dahi liderin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla xatirəsi yad edildikdən sonra tədbir açıq elan edilib.

Tədbirdə xalqın inamını özünə qaytaran, sabitlik və əmin – amanlıq yaradan ulu öndərin böyük xidmətlərini xatırladan slaydlar iştirakçılara nümayiş etdirilib. Şagirdlərin ifasında ədəbi – bədii kompozisiya göstərilib, ulu öndərə həsr olunan şeirlər səsləndirilib, musiqilər ifa olunub. H.Əliyevin işlətdiyi müdrik kəlamlarının səsləndirildiyi tədbirin sonunda  məktəbin direktoru Samirə Əkbərova da çıxış edərək, ulu öndərimizin keçdiyi həyat yolunu və siyasi mövqeyini hər zaman özümüzə nümunə olaraq qəbul etməyimizi tövsiyə edib.

***

Ümummilli lider Heydər Əliyevin 91 - ci ildönümü ilə əlaqədar olaraq daha bir tədbir 195 saylı orta məktəbdə keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ömrünün 35 ilini Azərbaycanda dövlət quruculuğuna həsr edən ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Allahverdi Məmmədov vətəni, xalqın gələcəyi üçün çalışıb ömrünü əridən, xalqın gözündə dağ kimi ucalan ulu öndərin Azərbaycan xalqının tarixindəki misilsiz xidmətlərindən danışıb. Çıxışının sonunda isə Heydər Əliyev kimi dahinin heç vaxt unudulmayacağını və yaddaşlarda daima qalacağını söyləyib.

Sonra müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Məktəbin istedadlı şagirdlərindən Cavid, Ellada, Aygün, Gülyaz, Könül və Aytacın ifasında səslənən Azərbaycan xalqının xilaskarı olan ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb. Tədbir “Dahi”  mahnısı  ilə  yekunlaşıb.

Tədbirdən sonra məktəbin psixoloqu Elnarə Nuriyeva və Uşaq  Birliyinin rəhbəri Anaxanım Hüseynova tərəfindən hazırlanmış  “Gül” bayramına  həsr  olunmuş  rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

***                                  

186 saylı tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 - ci ildönümü və "Gül” bayramı münasibəti ilə silsilə tədbirlər keçirilib.

Belə ki, sözügedən məktəbdə açıq dərslər, seminarlar, rəsm və inşa yazı müsabiqələri, idman yarışları təşkil edilib, məktəbin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib.

Müsabiqə və yarışlarda qalib gələn, ümumilikdə tədbirlərdə fəal iştirak edən müəllim və şagirdlər isə sonda məktəbin direktoru Arif Xankişiyev tərəfindən fəxri fərman və diplomlarla təltif edilib, onlara hədiyyələr təqdim edilib.