20.05.2014

“DİQQƏT UŞAQLAR!”

Hər ildə olduğu kimi bu il də 46 №-li Məktəbdənkənar Tərbiyə İşiMərkəzi Bakı şəhəri DYP İdarəsi ilə birgə “Yol hərəkəti qaydaları” proqramı, “Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi”nə uyğun məşğələlər, uşaqların yaradıcılığını əks etdirən sərgilər, bədii, təsviri baxış və müsabiqələr, yarışlar və stimullaşdırıcı tədbirlər keçirib.

 Tədris ilinin başa çatması ilə bağlı Bakı şəhər DYP İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşiMərkəzi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən 10 may2014-cü ildən 16 may 2014-cü ilədək “Diqqət uşaqlar!” devizi altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilib. Həftəlikdə Bakı şəhərinin ümumtəhsil məktəblərindən 500-dən çox şagird iştirak edib.

16 may 2014 – cü ildə həftəliyin bağlanışına həsr olunan tədbir keçirilib. Tədbirdə Bakı şəhər DYP İdarəsinin şöbə rəisi polis polkovnik leytenantı Vaqif  Əsədov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse - prezidenti Qafar Əsgərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon şöbələrinin nümayəndələri, məktəb, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və valideynləri, o cümlədən KİV nümayəndələri iştirak edib.

Mərkəzin uşaq avtoşəhərciyi bayraqlar, şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları, şarlar və güllərlə bəzədilib, xüsusi ayrılmış yerlərdə uşaq yaradıcılığını əks etdirən müxtəlif nümunələr nümayiş etdirilib. Xüsusi formalar geyinmiş uşaqlarla interaktiv, öyrədici, hərəkətli və didaktiv oyunlar keçirilib. Mərkəzin “Nağıl və debat”, “Yol hərəkəti qaydaları”, “Milli rəqs”, “Tarix-Diyarşünaslıq”, “Gənc yol polisləri”, “Təsviri incəsənət”, “İbtidai texniki modelləşdirmə” dərnəklərinin üzvləri istedad və bacarıqlarını göstəriblər.

Tədbirdə Nəsimi, Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai və Binəqədi, Suraxanı rayonlarının 17, 20, 21, 18, 28, 31, 34, 36, 42, 45, 46, 47, 53, 60, 83, 114, 116, 152, 153, 160, 164, 189, 200, 201, 220, 245, 250, 265 və digər məktəblərindən 100-dən çox şagird iştirak edib. Tədbirin sonunda “Diqqət uşaqlar!” devizi altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi ərzində müxtəlif nominasiyalarda fərqlənən şagird və müəllimlərə diplomlar təqdim olunub.