21.05.2014

187 saylı məktəbin şagirdləri Milli Aviasiya Akademiyasında

Ölkəmizdə bu günə kimi bir çox cəsur təyyarəçilər yetişmişdir.  Onlardan biri də ömrünün 50 ilini öz peşəsinə - pilot sənətinə həsr etmiş Əzimbala Əzimovdur. Əzimbala Əzimov hazırda Milli Aviasiya Akademiyasında aviasiya personalının hazırlığı mərkəzində müəllim vəzifəsində çalışır.

187 saylı məktəbin şagirdlərinin Milli Aviasiya Akademiyasına olan marağını nəzərə alaraq məktəb rəhbərliyi tərəfindən ora tez - tez ekskursiyalar təşkil olunur.  Həmçinin bu akademiyaya sənəd verən məzunların sayı da hər tədris ilində artır.

         14 may 2014-cü il tarixində Akademiyada 187 saylı məktəbin pedaqoji kollektivi tərəfindən Əzimbala Əzimovun 50 illik iş fəaliyyətinə həsr olunmuş “50 il səmada” adlı tədbir keçirilib. Tədbirdə məktəbin şagirdləri və “Poeziya teatrı” fəallıqla iştirak ediblər. III sinif şagirdləri İsmayılzadə Murad və Kərimova Mehribanın pilotlar haqqında söylədikləri şeirlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, Əzimbala Əzimov mülki aviasiyada göstərdiyi xidmətlərə görə “Şərəf Nişanı”, III dərəcəli “Əmək şöhrəti”, “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenləri, “Əmək veteranı” medalı, “Sosialist yarışının qalibi” döş nişanı və fəxri fərmanlarla mükafatlandırılmışdır.