23.05.2014

Əyləncəli fizika gecəsi keçirilib

Fizika - təbiətin ümumi qanunlarını, bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənir. Onun elmi müstəvidə rolunu və əhəmiyyətini bir daha göstərmək və şagirdlərə təbliğ etmək məqsədilə Bakı şəhəri 5 saylı orta məktəbdə "Əyləncəli fizika” adlıgecə keçirilib.Gecənin iştirakcıları VII - IXsinifləri əhatə edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin fizika müəllimi Güllər Məmmədova bildirib ki, bu gecələrin keçirilməsi fənlərin tədrisi keyfiyyətinin yaxşılaşmasına, səviyyəsinin yüksəldilməsinə xidmət edir. Belə tədbirlər proqram materiallarının dərindən mənimsənilməsinə kömək etməklə yanaşı, şagirdlərin fənnə olan  həvəsini artırır, dünyagörüşünü genişləndirir və elmi məlumatlarını zənginləşdirir.

Gecədə fizikanın bir çox sahələrini eksperimental yollarla əyani təsvir etmək üçün müxtəlif təcrübələr aparılıb, viktorinalar keçirilib,əyləncəli krossvordlar həll olunub.Həmçinin məktəbin şagirdləri tanınmış fiziklərin həyatından müəyyən xatirələri, maraqlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbirin sonunda çıxış edən məktəbin direktoru Nərminə Gündüzlü qeyd edib ki, artıq ənənə şəklini alan fənn gecələrinin təşkili rəhbərlik etdiyi  məktəbdə özünü doğruldub. Çıxışı zamanı direktor fizikanın elm olaraq mahiyyəti haqqında geniş məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib. Tədbir məktəbin himni ilə başa çatıb.