17.06.2014

“100 sual – 100 cavab intellekt yarışı” keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 26 №-li Uşaq – Gənclər Yaradıcılıq Mərkəzində məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “100 sual - 100 cavab intellekt yarışı”  keçirilmişdir.

Məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin təbiət elmlərinə marağının artırılması, onların bu sahədə fəaliyyət göstərən dərnəklərə daha çox cəlb olunması, dünyagörüşlərinin formalaşdırılması, istedadlı uşaqların aşkara çıxarılması və yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi məqsədilə keçirilən yarışda ümumilikdə 24 komanda iştirak etmişdir.

Komandalar təbiət elmləri (fizika, astronomiya, kimya, bilologiya və coğrafiya) üzrə  təqdim olunmuş 90 test sualını cavablandırmış, 10 məsələnin (fizika – 5, kimya - 5) həlli yollarını axtarmışlar. Hər test sualı “1”, məsələlərin cavabları isə “2” balla qiymətləndirilmişdir.

Qiymətləndirmənin nəticələrinə görə, Yeniyetmələrin 23 № - li Yaradıcılıq Mərkəzinin komandası  97 balla I, 27  № - li Uşaq Yaradıcılıq Mərkəzinin komandası 87 balla II, 38 № - li Texniki Yaradıcılıq Mərkəzinin komandası 81 və 30 № - li Uşaq Yaradıcılıq Mərkəzlərinin komandası 79 balla III yerə layiq görülmüşlər.

Sonda qaliblərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir.