2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2016-2017-ci dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilmiş, həmin məktəblərdə I sinfə 44 min nəfərdən artıq uşaq qəbul edilmişdir.

I sinfə qəbul üçün ərizələrin elektron qeydiyyatının bu prosesin düzgün tənzimlənməsinə, şagird sıxlığı ilə əlaqədar problemlərin vaxtında müəyyənləşdirilməsi və operativ həllinə zəmin yaratması və ictimaiyyət arasında rəğbətlə qarşılanması 2017-2018-ci dərs ilində də ərizələrin qəbulunun bu yolla aparılmasına etibarlı əsas verir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 7.4-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyalarda 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

4. Maliyyə şöbəsi (R.Orucov) I sinfə şagirdlərin elektron qəbulunun həyata keçirilməsi ilə bağlı maliyyə məsələlərinin həllini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15.02.2017-ci il tarixli xidməti məlumatı.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

3 mart 2017-ci il

123