Ümumi orta təhsil proqramı üzrə eksternat qaydasında imtahanların təşkili barəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərin ümumi orta təhsil səviyyəsi üzrə eksternat qaydasında imtahan verərək müvafiq təhsil sənədi almalarını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Eksternat qaydasında imtahanlar 25-26 dekabr 2018-ci il tarixlərində keçirilsin.

2. Eksternlərin ərizələrinin 26 noyabr 2018-ci tarixdən 14 dekabr 2018-ci il tarixə kimi qəbulu təmin edilsin.

3. Ümumi təhsil sektoru (S.Bektaşi) ümumi orta təhsil proqramı üzrə 2018-2019-cu tədris ili üçün nəzərdə tutulmuş eksternat qaydasında imtahanların keçirilməsindən irəli gələn zəruri tədbirlərin yerinə yetirilməsini təmin etsin.

4. Ümumi orta təhsil proqramları üzrə eksternat qaydasında imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 258 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilsin və məktəbin direktoru Sədaqət Hüseynova imtahanların təşkili üçün zəruri təşkilati tədbirlərin yerinə yetirilməsini təmin etsin.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorlarına tapşırılsın ki, rəhbərlik etdikləri məktəblərdə ümumi orta təhsil səviyyəsi üzrə əvvəlki illərdə oxuyub təhsil sənədi ala bilməmiş şəxslərin müvafiq prosedur qaydaları ilə bağlı məlumatlandırılmalarını və onlara müvafiq sinfi bitirmələrinə dair arayış təqdim edilməsini təmin etsinlər.

6. Eksternat qaydasında imtahanların keçirilməsi məqsədilə müvafiq komissiya yaradılsın və tərkibi təsdiq edilsin (əlavə 1).

7. İmtahanların qiymətləndirmə meyarları təsdiq edilsin (əlavə 2).

8. Təlimə Dəstək Mərkəzi (Z.Ələkbərova) imtahan suallarının hazırlanması məqsədilə fənn komissiyalarının yaradılmasını və sualların hazırlanmasını təmin etsin.

9. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) bu əmrdən irəli gələn maliyyə  məsələlərinin həll olunmasını təmin etsin.

10. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) bu əmrdən irəli gələn təchizat məsələlərinin həll olunmasını təmin etsin.

11. İnformasiya təminatı sektoru (İ.Abdullayeva) ərizələri qeydiyyata alınmış eksternlərin adlarının və imtahan nəticələrinin “Şagird-məzun” sisteminə daxil edilməsinə nəzarəti həyata keçirsin.

12. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) eksternat imtahanları haqqında (qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı və qəbul tarixi, imtahanların keçirilmə tarixi və yeri barədə) məlumatların Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

13. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinə çatdırılmasını təmin etsin.

14 . Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli 242 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”.

  

 

 

Məhəbbət Vəliyeva,

Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil

  İdarəsinin müdiri vəzifəsini icra edən

             22  noyabr  2018-ci il

   F-380