“Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır. Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq “Kiçik Akademiya”ların əsas vəzifələridir.
Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyili olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
:
1.Bakı şəhəri ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında 2019-cu ilin noyabr-dekabr aylarında “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsi keçirilsin.
2. Müsabiqənin Əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Təhsil müəssisələrinin rəhbərləri müsabiqənin Əsasnaməsinin tələblərinə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
4. İnkişaf layihələri sektoru (A.Tairquliyeva-Nağıyeva), Ümumi təhsil sektoru (F.Babayev) və Təlimə Dəstək Mərkəzi (S.Bektaşi) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsinlər.
5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.
7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi-informasiya vasitələri tərəfindən işıqlandırılmasını, İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2019-cu il üçün Fəaliyyət planı
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
19 noyabr 2019-cu il
№ F-426
“Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin Əsasnaməsi