Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində ötən illərdə keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin əhəmiyyətli rol oynadığını nəzərə alaraq, bu tədbirin davam etdirilməsi istiqamətində Azərbaycan Respublikası Təhsil nazirinin 29.11.2019-cu il tarixli F-703 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 29.11.2019-cu il tarixli F-703 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.
2. 2019-2020-ci dərs ilində Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilsin.
3. “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
4. Müsabiqənin müvafiq mərhələlər üzrə təşkilində Təhsil Nazirliyinin 2015-ci il 1 may tarixli 535 nömrəli əmri ilə təsdiq edilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi Qaydaları” əsas tutulsun.
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələri bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində lazımi təşkilati-pedaqoji tədbirlər görülməsini təmin etsinlər.
6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoru (A.Tairquliyeva-Nağıyeva) ümumtəhsil məktəblərinin müsabiqədə yüksək səviyyədə iştirakını təmin etsin.
7. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.
8. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.
9. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlərin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını təmin etsin.
10. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.
Əsas: 2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 29.11.2019-cu il tarixli F-703 nömrəli əmri
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
19 dekabr 2019-cu il
№ F-483