“Oxu və əylən!” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“Oxu və əylən!” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

 

Ana dilinin tədrisinin və ümumilikdə təhsilin əsas funksiyalarından biri şagirdlərin oxu bacarıqlarının inkişaf etdirilməsidir. Ucadan ifadəli oxu nitqin axıcılığının və səlisliyinin inkişafına, sözlərin düzgün tələffüz edilməsinə, erkən yaşlarda uşaqların lüğət ehtiyatının zənginləşməsinə, auditoriya qarşısında çıxış etmə bacarıqlarının formalaşmasına təkan verir.

Ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdlərinin müxtəlif müsabiqələrə cəlbini daha da genişləndirmək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Bakı şəhəri ümumtəhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında 2020-ci ilin fevral-mart (məktəb mərhələsi) və aprel (final mərhələsi) aylarında “Oxu və əylən!” müsabiqəsi keçirilsin.

2. Müsabiqənin keçirilmə qaydaları, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Müsabiqənin müvafiq mərhələləri üzrə təşkilində “Oxu və əylən!” müsabiqəsinin əsasnaməsi əsas götürülsün (əlavə olunur).           

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin direktorlarına tapşırılsın:                                                               

4.1. Bu əmrlə təsdiq edilmiş müsabiqənin əsasnaməsinə uyğun olaraq rəhbərlik etdikləri məktəbdə “Oxu və əylən!”  müsabiqəsini təşkil etsinlər;                               

4.2. Müsabiqənin təşkili ilə bağlı bu əmrdən irəli gələn lazımi təşkilati-pedaqoji tədbirlərin görülməsini təmin etsinlər;                                                         

4.3. Müsabiqənin məqsədi və əhəmiyyəti ilə bağlı rəhbərlik etdikləri məktəbin şagird və müəllim kollektivi, habelə valideynlər arasında maarifləndirmə işləri aparılmasını təmin etsinlər.

5. İnkişaf layihələri sektoru (A.Tairquliyeva-Nağıyeva) və Ümumi təhsil sektoru (F.Babayev) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsinlər.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını, İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

9. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-ci il üçün Fəaliyyət planı

 

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

21 fevral 2020-ci il

                                                                                        № F-75


“Oxu və əylən!” Müsabiqəsinin Əsasnaməsi