20.12.2016

Məktəblilər Milli Məclisdə olublar

“Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis–YUNİSEF əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

Milli Məclis və YUNİSEF-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, ümumi təhsil məktəblərinin direktorları, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri və şagirdlər iştirak ediblər.

Bakı şəhərindəki 7 nömrəli məktəbin rəhbərliyi və təhsildə yüksək nailiyyətlər qazanmış şagirdlərin də iştirak etdiyi görüşün əlamətdar dövrə təsadüf etdiyi, BMT-nin Uşaq Fondu olan YUNİSEF-in 70 illiyi ərəfəsində keçirildiyi nəzərə çatdırılıb. Çıxışlarda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənəyə uyğun olaraq, uşaqların xoşbəxt və firavan yaşaması üçün dövlət səviyyəsində mühüm layihələrin həyata keçirildiyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlərin uğurla davam etdirildiyi vurğulanıb. Həmçinin, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, dövlətin uşaqlara göstərdiyi qayğı və qarşıda duran vəzifələrdən söhbət açılıb, bir sıra təkliflər səsləndirilib.

Sonda YUNİSEF tərəfindən hazırlanan uşaqlara həsr olunmuş film nümayiş etdirilib.