01.05.2024

Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib.

Konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqı (ATİAHİ) Respublika Komitəsinin  sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, məktəb rəhbərləri iştirak ediblər.

Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 2023-cü ilin yanvar ayından 2024-cü ilin aprel ayınadək olan dövr ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi və Təftiş Komissiyasının hesabatı dinlənilib. Daha sonra təşkilati məsələlər müzakirə olunub.

Hesabat məruzələrindən sonra çıxış edənlər ölkəmizdə ən böyük ictimai təşkilatlardan biri olan ATİAHİ Respublika Komitəsinin BŞTİ-də çalışanların sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının müdafiəsi və asudə vaxtlarının səmərəli təşkili baxımından üzərinə düşən vəzifələri nəzərə çatdırıb, bu istiqamətdə qarşıda duran digər məsələlərdən söhbət açıblar.

Daha sonra Həmkarlar İttifaqı Komitəsinin yeni sədri və üzvləri, eləcə də Təftiş Komissiyasının yeni heyəti seçilib.