Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul olmaq istəyən şəxsləri təlimlərdə iştirak etməyə dəvət edir.
Təlimlər üçün seçimlərdə 5 il pedaqoji stajı olan, hazırda ümumi təhsil müəssisələrində direktor müavini və ya müəllim vəzifəsində çalışan şəxslərə üstünlük veriləcək.
İdarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi ilə bağlı qısamüddətli təlimlər BŞTİ əməkdaşları və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılacaq.
Müraciət edənlərdən 80 nəfər müvafiq meyarlar üzrə seçilərək qısamüddətli təlimə cəlb olunacaq.
İctimai əsaslarla (ödənişsiz) təşkil olunan təlimlər mövcud karantin rejimi qaydalarına uyğun olaraq 10 təlimçi tərəfindən ayrı-ayrı qruplarda keçiriləcək. Hər qrup üzrə təlimdə 8 nəfərin iştirakı nəzərdə tutulur.
Təlimlərə qatılmaq istəyənlər şəxsi məlumatlarını (CV) 24 sentyabr 2020-ci il tarixinədək diqtelim@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilər.
Əlaqə üçün:
Telefon: (012) 599 12 22 (daxili: 6133)
Elektron poçt: diqtelim@baku.edu.gov.az