16.11.2021

Eksternat qaydada imtahanların keçirilməsi barədə elan

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 16 noyabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixədək eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında iştirak məqsədilə onlayn qaydada sənəd qəbulu həyata keçiriləcəkdir. Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxs aşağıdakı tələb olunan sənədləri (eyni zamanda bir ünvandan)  eksternat.senedqebulu@baku.edu.gov.az elektron poçt ünvanına  göndərməlidirlər:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin adına ünvanlanmış ərizənin skan olunmuş surəti  (Ərizə fayl şəklində əlavə edilmişdir.  Ərizəyə məlumatların daxil edilməsi, imzalanaraq təsdiq edilməsi və skan olunaraq əlavə edilməsi tələb olunur)

1.Şəxsiyyət vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surəti;

2.3x4 ölçüdə fotoşəkil;

3.Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarius tərəfindən təsdiq olunmuş surəti;

4.Əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın skan olunmuş surəti;

5.Hərbi xidmət haqqında sənədin skan olunmuş surəti (fərdi məlumatlar və xidmət illəri qeyd edilmiş səhifələr);

6.Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə  əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.

Əlavə sualı olan vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-0) zəng etməklə məlumat ala bilərlər. 

Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək  hüququ qazanırlar. 

 

Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə eksternat qaydada imtahanlarda iştirak barədə ərizə təsdiq edilməyəcək və ərizəçinin elektron poçt ünvanına bu barədə müvafiq bildiriş göndəriləcəkdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının  Qanununun 21.2-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslərin eksternat imtahanlarında iştirak ərizələri qəbul edilmir!