24.06.2022

Şagird sayı 500-dək olan məktəblərə vakant direktor vəzifəsinə sənəd qəbulu üçün elan

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.

İşə qəbul prosesi iki mərhələdə (test və müsahibə) həyata keçiriləcək. Şagird sayı 151-dən 500-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər həm test, həm də müsahibə mərhələsində iştirak etməlidirlər.

2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış (24 baldan yuxarı nəticə göstərmiş), müsahibədə iştirak etməmiş namizədlər birbaşa müsahibə mərhələsinə dəvət olunacaqlar.

 

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.

 

Üstünlük veriləcək namizədlər:

- Müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

- 2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

 

Namizədlər tələb olunan sənədləri 30 iyun 2022-ci il tarixinədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektoruna (Əlaqə: 146-1 (daxili: 6022, 6028)) təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar müvafiq olaraq test və ya müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, test imtahanından keçid balı 24-dür.

 

Müsahibə zamanı namizədlər aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:

- vəzifə üzrə nəzəri biliklər;

- idarəetmə bacarıqları;

- şəxsi keyfiyyətlər.

 

Müsahibə zamanı namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3-dür.

Aşağıdakı keçiddən istifadə edərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə vakansiyalarla tanış ola bilərsiniz.

 

VAKANSİYA