03.11.2022

Laborant, kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqəyə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində laborant, kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 3-12 noyabr 2022-ci il tarixlərində anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək.

 

Adıçəkilən vəzifələr üzrə müsabiqə proqramına aşağıdakılar daxildir:

 

Laborant vəzifəsi üzrə - laboratoriya işləri və dərs məşğələlərinin keçirilməsi üzrə hüquqi aktlar; tədris avadanlıqlarından, müasir informasiya-kommunikasiya texnologiyalarından, təlimin texniki vasitələrindən, cihazlardan istifadə olunmasının mövcud standartlarını və texniki şərtlərini, avadanlıqlardan istifadə qaydaları, əməyin təşkilinin əsasları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

Kitabxanaçı (kitabxana müdiri) vəzifəsi üzrə - “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu; təhsil müəssisəsinin inkişaf perspektivləri, kitabxanaşünaslıq və biblioqrafiya; oxuculara xidmətin əsasları; kitabxana fondunun uçotu və saxlanması; kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemi və kataloqun tərtibi normaları; kitabxana, İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri, informasiyanın axtarılması strategiyası və texnikası; əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

Uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası; tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyası, pedaqoji etika, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətləri, uşaq kollektivlərinin psixologiyası, uşaq təşkilatlarının iş xüsusiyyətləri; uşaq birliyi təşkilatının rəhbərinin vəzifələri və qarşısında duran tələblər; Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

Psixoloq vəzifəsi üzrə - “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası; təhsilin inkişaf konsepsiyası və strategiyası, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı hüquqi aktlar; əməyin mühafizəsi, sağlamlığının qorunması; ümumi psixologiya, pedaqoji psixologiya və ümumi pedaqogika, sosial psixologiya, uşaq və yaş psixologiyası; fərdi və qrup məsləhətinin müasir metodları; uşağın inkişafının diaqnostikası və korreksiya metodları; müəllimlərin etik davranış qaydaları; informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

 

Əlaqə üçün:

BŞTİ-nin Çağrı Mərkəzi (146-1)