04.11.2022

Eksternat qaydada imtahanların keçirilməsi barədə elan

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyələrini bitirə bilməyən, bilavasitə Azərbaycan Respublikası vətəndaşları üçün eksternat təhsilalma forması üzrə aralıq imtahanların təşkili üçün 5 noyabr 2022-ci il tarixindən 5 dekabr 2022-ci il tarixinədək sənəd qəbulu həyata keçiriləcək.

 

İmtahanda iştirak etmək istəyən şəxslər - eksternlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yaxınlaşaraq aşağıdakı sənədlərin əlavə olunduğu ərizə ilə müraciət etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surəti;

2. 3x4 ölçüdə 2 ədəd fotoşəkil;

3. Eksternin müvafiq sinfi bitirməsinə dair oxuduğu təhsil müəssisəsindən təqdim edilmiş arayış;

4. Tam orta təhsil proqramı üzrə eksternat qaydasında aralıq imtahanlarda iştirak edəcək eksternin ümumi orta təhsil haqqında attestatının (şəhadətnaməsinin) notarius tərəfindən təsdiq olunmuş kserosurəti.

 

Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənlərin yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənnlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.

Eksternat qaydasında imtahanlarda uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.

Ərizələrin qəbulu həftənin I-V günləri (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 11:00-dan 17:00-dək həyata keçiriləcək.

 

Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə şəxsin eksternat qaydasında imtahanlarda iştirakı təmin edilməyəcək.