12.01.2024

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin başlanması barədə elan

2023-cü ildə keçirilən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsində uğur qazanmış (35 və daha çox bal toplayan) namizədlərin müsahibə mərhələsinə 15.01.2024-cü il tarixdən start veriləcək.

Test imtahan mərhələsində uğur qazanan və 12 dekabr 2023-cü il tarixinədək müsahibə və vakansiya seçimi müraciətlərində qeydiyyatdan keçən namizədlər bal ardıcıllığına uyğun olaraq müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğunluğu barədə qərar veriləcək və nəticə protokollaşdırılacaq. Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək.

 

Müsahibədən keçmiş namizədlərin nəticəsi eyni olarsa, müəssisə seçimində namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük veriləcək:

1. Şəhid ailəsinin üzvləri;

2. Təhsil pilləsi daha yüksək olanlar;

3. Təhsil müəssisəsini fərqlənmə ilə bitirənlər;

4. Pedaqoji iş təcrübəsi olanlar;

5. Müəssisəyə daha yaxın ərazidə yaşayanlar.

 

Müvafiq vakant yer üzrə yerləşdirmə prosesi zamanı namizədin təqdim etdiyi sənədlərdə hər hansı uyğunsuzluq aşkarlanarsa, həmin namizəd işlə təmin olunmayacaq.

Nəticələrlə bağlı müraciətlərə müsabiqə başa çatdıqdan sonra Apelyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.

Qeyd: Vakansiya seçimi etmiş namizəd təyinat zamanı həmin vakansiyadan imtina edərsə, növbəti dəfə vakansiya seçimlərində iştirakı yolverilməzdir. Həmin namizəd yalnız yenidən tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə imtahanda uğur qazanarsa, növbəti müsahibə və vakansiya seçimində iştirak edə bilər.