26.08.2024

“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin həyata keçirildiyi məktəblərə korreksiyaedici pedaqoq seçimi üçün müsabiqə elanı

Ümumi təhsil müəssisələrində inklüziv siniflərdə çalışmaq istəyən korreksiyaedici pedaqoqların nəzərinə:

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil məktəblərində (“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi həyata keçirilən) korreksiyaedici pedaqoqlar üçün müsabiqə elan edilir.

Müsabiqədə inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlara loqopedik xidməti təşkil etmək, təhsil proqramını onların ehtiyaclarına və imkanlarına uyğunlaşdırmaq və ya təhsil proqramının sadələşdirilməsi nəzərə alınmaqla təlimin məqsədini, vəzifələrini, metod və üsullarını, nəticələrini qiymətləndirmək, həmçinin fərdi təhsil planını hazırlamaq, valideynlərə (və ya digər qanuni nümayəndələrə) müvafiq məsləhətlər vermək istəyən şəxslər iştirak edə bilər.

 

Namizədlər üçün tələblər:

-  müvafiq ixtisas üzrə ali təhsil (defektoloq təhsili, ixtisasdəyişmə kurslarını (loqopediya) keçmiş ali pedaqoji təhsil)

 

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənəd və onun surəti;

- ali təhsil haqqında sənəd və onun surəti.

 

Qeyd: Namizədin xüsusi təhsil sahəsində əlavə təhsil, təlim və seminarlarda iştirakını təsdiq edən sənədləri (onların surəti) təqdim etməsi arzuolunandır.

 

Müsabiqə 2 mərhələdən - qeydiyyat və müsahibə mərhələlərindən ibarətdir.

Müsabiqədə iştirak etmək üçün müvafiq ixtisası olan şəxslər əlavə edilən linkdə məlumatlarını yerləşdirməlidir.

Məlumatlar yoxlanıldıqdan sonra uyğun namizədlərin əlaqə telefonlarına SMS vasitəsilə müsahibənin keçirilmə günü, saatı və məkanı haqqında məlumat göndəriləcək.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd, onun surəti, həmçinin ali təhsil haqqında sənəd və onun surətini təqdim etməlidirlər.

 

Müsahibədə 3 istiqamət üzrə suallar veriləcək:

  • ixtisas;
  • uşaq psixologiyası və pedaqogika;
  • müvafiq qanunvericilik (məsələn, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu və sair).

 

Müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılacaq.  Müsahibədə uğur qazanmaq istəyən namizəd minimum 3 bal toplamalıdır.

Müsahibəni uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Uğurla keçib yerləşdirilməyən şəxslər isə ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Ehtiyat kadr bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyata keçirilə bilər.

 

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeoxdFPCdetZuw60s9vbZ0gAi_LSs90lf1mP5NzRyy-7zM_sw/viewform?usp=sf_link