Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən, bilavasitə Azərbaycan Respublikası vətəndaşları üçün eksternat təhsilalma forması üzrə aralıq imtahanların təşkili məqsədilə 17 noyabr- 17 dekabr (saat 18:00-dək) tarixlərində sənəd qəbulu həyata keçiriləcək.
İmtahanda iştirak etmək istəyən şəxslər - eksternlər BŞTİ-yə yaxınlaşaraq aşağıdakı sənədlərin əlavə olunduğu ərizə ilə müraciət etməlidirlər:
1. Ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
4. Əvvəlki illərdə təhsil aldığınız müəssisədən sinif, tədris dili və keçirilmiş xarici dil qeyd olunmuş arayış;
5. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın surəti;
6. Hərbi xidmət haqqında sənədin surəti (fərdi məlumatlar və xidmət illəri qeyd edilmiş səhifələr).
Ümumi orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxs 16, tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxs isə 18 yaşdan aşağı olmamalıdır.
Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənnlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verəcəklər.
Eksternat qaydasında imtahanlarda uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.
Ərizə qəbulu həftənin I-V günləri (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 11:00-dan 18:00-dək həyata keçiriləcək.
Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə şəxsin eksternat imtahanlarında iştirakı təmin edilməyəcək.