Təhsilini başa vura bilməyən şəxslər üçün ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat qaydasında aralıq imtahanlarının təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərin ümumi orta və tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında imtahan verərək müvafiq təhsil sənədi almalarını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq  

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 29 oktyabr 2021-ci il tarixli Qərarı nəzərə alınaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat qaydasında aralıq imtahanları 20 dekabr 2021-ci il tarixdən 28 dekabr 2021-ci il tarixədək onlayn müsahibə şəklində keçirilsin.

2. Eksternlərin ərizələrinin eksternat.senedqebulu@baku.edu.gov.az elektron ünvanı vasitəsilə 16 noyabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixə kimi onlayn formada qəbulu həyata keçirilsin.

3. Ümumi orta və tam orta təhsil proqramı üzrə eksternat qaydasında aralıq imtahanlarında uğur qazanmış eksternlərin fərdi və təhsilinə dair məlumatlarının “Şagird-məzun” sisteminə daxil edilməsi, onların buraxılış imtahanlarında iştiraklarının təmin edilməsi və dövlət nümunəli attestatların məzunlara təqdim edilməsi üçün Bakı şəhəri 258 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilsin və məktəbin direktoru Sədaqət Hüseynova zəruri təşkilatı tədbirlərin yerinə yetirilməsini təmin etsin.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılsın ki, rəhbərlik etdikləri müəssisələrdə ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə oxuyub təhsil sənədi ala bilməmiş və bununla bağlı müraciət etmiş şəxslərin müvafiq prosedur qaydaları ilə bağlı məlumatlandırılmalarını və onlara müvafiq sinfi bitirmələrinə dair arayış təqdim edilməsini təmin etsinlər.

5. Aralıq imtahanlarının onlayn müsahibə formasında obyektiv təşkili məqsədilə komissiya yaradılsın və tərkibi təsdiq edilsin (əlavə 1).

6. Qiymətləndirmə şkalası təsdiq edilsin (əlavə 2).

7. Ümumi təhsil sektoru (F.Babayev) ümumi və tam orta təhsil proqramı üzrə 2021-2022-ci tədris ili üçün nəzərdə tutulmuş eksternat qaydasında aralıq imtahanların keçirilməsindən irəli gələn zəruri tədbirlərin yerinə yetirilməsini təmin etsin.

8. İnformasiya təminatı sektoru (T.Mahmudov) ümumi orta və tam orta təhsil proqramı üzrə eksternat qaydasında aralıq imtahanlarında uğur qazanmış eksternlərin fərdi və təhsilinə dair məlumatlarının “Şagird-məzun” sisteminə daxil edilməsinə nəzarəti həyata keçirsin.

9. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

10. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin çoxaldılaraq aidiyyəti üzrə göndərilməsini təmin etsin.

11. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli 242 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

15 noyabr 2021-ci il

                                                                                        № F-265