Azərbaycanda təhsil sisteminin bu gün tam yeni bir mühitdə fəaliyyət göstərdiyi və xalqımızın güclü dövlət quruculuğu yolunda inamla irəlilədiyi bir vaxtda yeni nəslin azad bir ölkənin vətəndaşı kimi yetişməsi son dərəcə aktual və mühüm məsələdir. Müstəqil dövlət quruculuğunun əsas amillərindən biri olan milli təhsil sahəsində beynəlxalq standartlara uyğun fundamental islahatların aparılması üçün təhsilimizin milli ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişaf etdirilməsinə geniş imkanlar yaradılmışdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son yeddi il ərzində fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə, demokratik idarəetmənin təkmilləşdirilməsinə yönəltməklə həm dövlət, həm də cəmiyyət tərəfindən dəstək qazanmış, müəyyən nailiyyətlər əldə etmişdir. Bu müddətdə təhsilin bütün sahələri üzrə göstəricilər xeyli yüksəlmiş, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, habelə əlverişli təhsil mühitinin yaradılması sahəsində diqqətəlayiq nəticələr əldə olunmuşdur. 2012/2013-cü dərs ilində Bakı şəhərində 880 və 640 şagird yerlik 4 yeni məktəb binası inşa edilmiş, 76 məktəbdə əsaslı təmir işləri aparılmış, şagird sıxlığının aradan qaldırılması üçün 20 məktəbdə əlavə korpus tikilərək istifadəyə verilmişdir. Həmçinin 5 məktəbin idman və akt zalları tamamilə yenilənmişdir.
Ali məktəblərə tələbə qəbulunda hər il olduğu kimi, 2013 - cü ildə də Bakı məktəbləri məzunlarının xüsusi çəkisi artmış, nəticədə builki məzunlarımızın 47.43 faizi tələbə adını qazanmışdır. Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 2 məzunumuz maksimum 700 bal toplamışdır.
2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində Təhsil İdarəsinin tabeliyində olan 19 məktəb, “İlin ən yaxşı müəllimi” müsabiqəsində isə 37 müəllim qalib olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə ötən tədris ilində də müxtəlif tədbirlər keçirilmişdir. “Mən azərbaycanlıyam” adı altında təşkil olunan müsabiqə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə 2013-cü il aprelin 30 - da Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən “Təhsil, texnologiya və tərəqqi” adlı baxış-sərgi, voleybol, mini-futbol və stolüstü tennis üzrə yarışlar və digər tədbirlər özünəməxsusluğu ilə fərqlənmişdir.
BŞTİ - nin təşkilatçılığı ilə ilk dəfə olaraq IV sinif şagirdləri arasında keçirilən “İntellektə gedən yol” adlı müsabiqə də şagirdlərdə intellektual inkişafın artırılması, dünyagörüşü və bilik səviyyəsinin yoxlanılması, həmçinin onların sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətlərinin səviyyəsinin öyrənilməsi və təbliği məq¬sədilə böyük əhəmiyyət kəsb etmişdir.
Keçən dərs ili ərzində məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri beynəlxalq festivallarda, sərgi və folklor müsabiqələrində müvəffəqiyyətlə iştirak etmiş, diplom və medallara layiq görülmüşlər.
Milli kurikulumun tətbiqi ilə əlaqədar 2013/2014-cü tədris ilində ibtidai, 5 və 6-cı siniflərdə dərs deyəcək müəllimlər üçün təlim kursları təşkil edilmiş və onların həmin təlimlərdə iştirakı təmin olunmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman, Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Şahin” hərbi-idman, “Cəsurlar” hərbi - idman, turizm yarışlarında qalib yerləri əsasən Bakı məktəblərinin şagirdləri tutmuşlar. Belə ki, “Şahin” hərbi - idman yarışında Bakı şəhərinin 220 nömrəli məktəbi birinci, 138 nömrəli məktəbi ikinci, 76 nömrəli məktəbi üçüncü yerləri, “Cəsurlar” hərbi - idman, turizm yarışlarında paytaxtın 138 nömrəli məktəbi birinci, 285 nömrəli məktəbi ikinci yerləri tutmuşlar.
Göstərilənlərlə əlaqədar 2013 – 2014 - cü dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, mövcud vəziyyəti obyektiv qiymətləndirmək və əməli təkliflər hazırlamaq məqsədilə
ƏMR EDİRƏM:
1. Bakı şəhəri təhsil işçilərinin 2013-cü il sentyabr konfransının plenar iclası 10 sentyabr tarixində, saat 11:00 - da Hyatt Regency otelinin Quba zalında keçirilsin.
2. Plenar iclasda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, eləcə də “Ən yaxşı müəllim” müsabiqəsi qaliblərinin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı təmin edilsin.
3. Sentyabr konfransının:
3.1. Bütün fənlər üzrə metodik bölmə iclasları 11 sentyabr 2013 - cü il
tarixində, saat 10:00 - da:
Binəqədi rayonundakı 3 və 102,
Qaradağ rayonundakı 106 və 288 ,
Xəzər rayonundakı 237,
Nəsimi rayonundakı 164 və 44,
Nizami rayonundakı 210 və 61,
Sabunçu rayonundakı 74,
Nərimanov rayonundakı 258 ,
Suraxanı rayonundakı 285,
Xətai rayonundakı 95,
Yasamal rayonundakı 20,
Səbail rayonundakı 189 nömrəli məktəblərdə keçirilsin.
3.2 Məktəb direktorlarının bölmə iclası 11 sentyabr 2013 - cü il
tarixində, saat 10:00 - da 1 nömrəli tam orta məktəbdə;
3.3 Təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin bölmə iclası saat 10:00 - da 276 nömrəli tam orta məktəbdə;
3.4 Tərbiyə işləri üzrə direktor müavinlərinin bölmə iclası 11 sentyabr 2013-
cü il tarixində, saat 10:00 - da 248 nömrəli tam orta məktəbdə keçirilsin.
4. Bölmə iclaslarını keçirəcək şəxslərin siyahısı təsdiq edilsin (siyahı əlavə edilir).
5. Bölmə iclaslarında ölkədə aparılan təhsil islahatları ilə əlaqədar qazanılmış uğurlar, qarşıya çıxan çətinliklər, fənn kurikulumları və şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqi, məktəbəhazırlıq qruplarında işin təşkili, hər bir fənn üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris proqramları və dərsliklərin səviyyəsi, metodik xidmətin effektiv təşkili, idarəetmənin demokratikləşdirilməsi kimi məsələlər müzakirə edilərək əməli təkliflər hazırlansın.
6. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektoru (B.Nəbiyev) plenar və bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirərək BŞTİ - nin gələcək fəaliyyətində nəzərə alınmasını təşkil etsin.
7. Metodik Mərkəz (V.Qurbanov) plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təkliflərin ümumiləşdirilərək sentyabr ayının sonunadək Təhsil Problemləri İnstitutuna göndərilməsini təmin etsin.
8. Beynəlxalq və ictimaiyyətlə əlaqə sektoru (Z.Əsədova) konfransın plenar və bölmə iclaslarının KİV - də ətraflı işıqlandırılması üçün tədbirlər həyata keçirsin.
9. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas:Təhsil nazirinin 15 avqust 2013 - cü il tarixli əmri
Nailə Rzaquliyeva
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri
28.08.2013 - cü il
№228-1