Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, "Təhsildə dəyərlər ilindən keyfiyyət ilinə doğru" - “Azərbaycan müəllimi” qəzeti (18.09.2017)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür. Ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədilə Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuşdur. 

Qeyd edim ki, ötən il Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı cənab nazir 2016-2017-ci dərs ilini “Təhsildə dəyərlər ili” elan etmişdi. Dəyərlərə əsaslanan cəmiyyətdə formalaşan səxsiyyət və onun tamlığı da məhz vətənpərvərlik, dövlətçilik, milli-mənəvi köklərə bağlılıq, bəşəri dəyərlərə hörmət hisslərinin aşılanması ilə birbaşa əlaqəlidir. Ötən tədris ili təkcə dəyərlər ili kimi deyil, eyni zamanda keyfiyyətin artırılması istiqamətində görülən bir sıra işlər, yaddaqalan hadisələrlə əlamətdardır.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi (onlardan 278-i tam orta məktəb, 3-ü ümumi orta məktəb, 18-i məktəb-lisey, 7-si lisey və 1-i gimnaziya), 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir. Hesabat ilinin sonuna kimi bu məktəblərdə 28165 nəfər müəllim 392869 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olub. 2015-2016-cı dərs ili ilə müqayisədə müəllimlərin sayında 2, şagirdlərin sayında 11 faiz artım müşahidə olunub.

 

Təhsil islahatlarına, ilk növbədə, ölkənin elm və mədəniyyət, intellektual və beyin mərkəzi olan Bakı məktəblərində başlanılması sınaqdan keçən layihələrin əhatə dairəsinin tədricən ölkə miqyasında genişləndirilərək tətbiq olunması, həmçinin burada ölkə üzrə təhsil alan ümumi təhsil müəssisələrinin şagirdlərinin təxminən üçdə birinin cəmlənməsi ilə bağlıdır. Bu baxımdan təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ümumi təhsillə bağlı müəyyənləşdirilən strateji istiqamət və hədəflərə çatmaqda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı şəhəri təhsil işçilərinin qarşısında daha böyük öhdəliklər durur.

 

2016-2017-ci dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin direktorlarının iştirakı ilə məktəblər üçün müxtəlif istiqamətlər üzrə 2 nümunədə “Ümumtəhsil müəssisəsinin illik Fəaliyyət Planı” hazırlanmış, icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Vahid Fəaliyyət Planının hazırlanmasında məqsəd ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönümlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi istiqamətində bütün təhsilalanlar üçün əlverişli təhsil mühitinin və bərabər imkanların yaradılması idi. Bununla yanaşı, hesabatlılığı təmin etmək məqsədilə müxtəlif ölkələrin təcrübəsinə əsaslanaraq yeni hesabat formaları hazırlanmışdır. 

 

Yeni dərs ilində mövcud təcrübəyə istinadən hər bir müəssisə illik fəaliyyətin təşkili və idarə olunması istiqamətində fərdi Fəaliyyət Planına əsaslanacaq.

 

“Xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi

 

2016-2017-ci dərs ilinin əvvəlində məktəblərdə təlim-tərbiyə prosesinin düzgün təşkili, keyfiyyətin daha da dayanıqlı olması, “keyfiyyətli təhsilvermə”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürərək səmərəli məktəb ideyasının bir dəyərə və ənənəyə çevrilməsini təmin etmək məqsədilə Bakının bütün məktəblərinin iştirakı ilə 12 inzibati rayonda “Məktəb seminarları” təşkil olunmuşdur. Hər rayon üzrə keçirilmiş təcrübə mübadiləsində 12 istiqamət üzrə həmin rayonda fəaliyyət göstərən məktəblərin nümayəndələri iştirak etmişdir. 

 

Bu seminarlar inzibati heyət (direktor, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı müavinlər, UBR, psixoloq, kitabxanaçılar), valideyn icmasının fəal üzvləri, 9-cu sinif şagirdləri, fənn müəllimləri ilə fənlər bloku (I blok- riyaziyyat, informatika, fizika, kimya, biologiya; II blok -Azərbaycan dili, ingilis dili, tarix, coğrafiya) üzrə aidiyyəti mövzular ətrafında sessiya və müzakirələr həyata keçirilmişdir. 3296 nəfərin iştirak etdiyi tədbirin hesabatlılığı və nəticələrin təhlili təmin olunmuşdur. 

Dərs ilinin yekunları ilə bağlı iyun ayında keçirilən məktəb seminarları illik fəaliyyətin təhlili, mövcud problemlərin həlli yolları, hesabatlılıq, növbəti dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuşdur. 

 

Ümumilikdə, il ərzində məktəb seminarlarında 8000 nəfərdən artıq təhsil işçisi iştirak etmişdir.

 

Bu növ müzakirələrin və seminarların hər bir rayonda ayrı-ayrılıqda keçirilməsində başlıca məqsəd daha çox sayda təhsil prosesinin iştirakçılarını ölkədə aparılan islahatlarla bağlı maarifləndirməklə yanaşı, prosesin hər bir iştitakçısına lazımi dəstək göstərmək və fəaliyyətlərini istiqamətləndirməkdir. Təhsildə keyfiyyətin təmin olunmasında məktəb seminarlarının səmərəliliyinə əminlik yeni dərs ilində də bu istiqamətdə fəaliyyəti davam etdirməyə əsas verir. 

 

Məktəbəhazırlıq proqramı bütün beşyaşlıların 65 faizini əhatə edəcək

 

Təhsildə keyfiyyətə təsir edən əsas amillərdən biri də uşaqların məktəbəhazırlıq mərhələsini keçməklə təlimə başlamasıdır. Ümumi təhsildə keyfiyyəti təmin etmək məqsədilə əvvəlki illərdə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra məktəblərdə ödənişli əsaslarla məktəbəhazırlıq kurslarının təşkili pilot layihəsinə start verilmişdir. 

 

5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar onların psixoloji dayanıqlığının artırılmasını, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırılmasını, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, bununla da ibtidai təhsilə keçidi asanlaşdırmaq məqsədilə yaradılan hazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilmişdir. Məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların tədris vəsaitləri ilə təminatı dövlət hesabına olmuşdur.

 

2016-2017-ci dərs ilində Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrində ilk dəfə olaraq dövlət hesabına 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qruplarında 23130 uşaq təhsil almışdır. 

 

İlk dəfə 2017-2018-ci dərs ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına qəbul elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilmişdir. Burada əsas məqsəd vətəndaş məmnunluğunun, məktəb-valideyn münasibətlərində şəffaflığın təmin olunması, sənədlərin qəbuluna sərf ediləcək zaman və insan resurslarına qənaət edilməsidir. 

 

Yeni dərs ilində 266 ümumi təhsil müəssisəsində 845 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcəkdir. Əgər 2015-2016-cı dərs ilində məktəbəhazırlıq proqramı bütün beşyaşlıların 24, 2016-2017-ci dərs ilində 55 faizini əhatə edirdisə, 2017-2018-ci dərs ilində artıq bu göstərici 65 faizdir. 

 

Son üç dərs ilində Azərbaycan Respublikası təhsil nazirinin 27 fevral 2015-ci il tarixli 242 nömrəli və 19 fevral 2016-cı il tarixli 108 nömrəli əmrlərinə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərinin, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilir. Birinci sinfə elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. Bildiyiniz kimi, layihənin məqsədi I sinfə qəbul üçün ərizələrin elektron qeydiyyatı vasitəsilə təhsil sahəsində əhaliyə göstərilən elektron xidmət dairəsini genişləndirmək, şagird sıxlığı ilə əlaqədar problemləri vaxtında müəyyənləşdirib prosesin düzgün və səmərəli idarəolunmasını təmin etmək, şagird kontingentinin uçot sistemini təkmilləşdirmək, vətəndaş məmnunluğunu təmin etmək və müraciət prosesini sadələşdirməkdir. 

 

Sənəd qəbulu ötən illərdə olduğu kimi,www.mektebeqebul.edu.az  elektron sistemi vasitəsilə həyata keçirilmiş, lakin bu ildən Bakıda I sinfə qəbul qaydalarında bir sıra yeniliklər tətbiq edilmiş, valideynlərə sənəd qəbulu zamanı məktəbi, bölməni və müəllimi seçmək imkanı verilmişdir. Digər bir yenilik isə lisey və gimnaziyalara qəbulla bağlıdır. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki 160 nömrəli klassik gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinin I sinfinə qəbul, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı, müsabiqədənkənar qəbulu vasitəsilə aparılır ki, bu da süni sıxlığın qarşını alır. 

Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə həmin ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər. Həmin uşaqlar üçün müsabiqə iyun ayı ərzində keçirilmişdir.

 

Sirr deyil ki, paytaxtın bəzi məktəbləri uşaqların I sinfə qəbulunda müxtəlif meyarlara və subyektiv seçimə əsaslanırdı. Qəbulun elektron sistem vasitəsilə tənzimlənməsi eyni zamanda məktəblər arasında tədrisin səviyyəsinə görə fərqin və digər vacib amillərin aradan qaldırılmasına ciddi təsir edəcək vasitələrdən biridir.

 

Uşaqların I sinfə qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesində şagird yerinin az, lakin sıxlığın yüksək olduğu məktəblərdə mikroərazi prinsipi tətbiq olunur. Belə ki, paytaxt üzrə ümumi təhsil müəssisələrinin təxminən 15 faizə yaxın bir hissəsində I sinfə qəbul mikroərazi prinsipi əsasında aparılır. Bu, proqnozlaşdırılan və əvvəlki illərin təcrübəsi əsasında ehtimal olunan süni sıxlığın qarşısının alınması, həmin məktəblərin mikroərazisində yaşayan uşaqların təhsil hüququnun təmin olunması məqsədlərinə xidmət edir.

 

Bir sıra məktəblərə müxtəlif səbəblərdən şagird axınının çox olması ərazidə yaşayan uşaqların həmin məktəblərdə təhsil almaq imkanını bəzən məhdudlaşdırırdı. Bu isə insanların haqlı narazılığına, azyaşlı uşaqların lüzumsuz yerə yollarda vaxt itirməsinə səbəb olurdu. Hazırkı yanaşma əsasında hər bir uşağın yaşadığı ərazi üzrə ən yaxın dövlət ümumi təhsil müəssisəsində təhsil alması üçün bütün imkanlar yaradılmışdır.

 

Ümumilikdə, paytaxtın ümumi təhsil müəssisələrinin böyük əksəriyyətində, yəni 85 faizindən çoxunda heç bir ərazi prinsipi tətbiq edilmir.

 

Daha bir yenilik uşaqların məktəbə müsahibədənkənar qəbul olunmasıdır. Belə ki, valideyn-qanuni nümayəndə I sinfə qəbul üçün uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U) təqdim etdiyindən uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə və müsahibəyə ehtiyac qalmır.

 

Əvvəlki illərdə rus bölməsi üzrə I sinfə qəbul olunan şagirdlərin təlim dili səviyyəsi sənəd qəbulu zamanı məktəblərdə yoxlanılırdı. Əslində, bu daha çox subyektiv amillərə söykənir və bir sıra hallarda verilən qərarların özünü doğrultmadığı müşahidə edilirdi. Uşağın təlim dilini lazımi səviyyədə bilməsinin onun təlim nəticələrinə təsiri haqqında və bundan irəli gələn digər məsələlərlə bağlı valideynlərlə izahat işi aparılsa da, bəzən onlar təkidlə uşaqlarının məhz rus dilində təhsil almasına üstünlük verirlər. Odur ki, builki I sinfə qəbul prosesində bu məsələdə daha çox maarifləndirmə, düzgün istiqamətləndirmə ilə tənzimlənmə işləri aparılmış, seçim valideynlərin öhdəsinə buraxılmışdır. 

 

Uşaqların məktəbəhazırlıq təhsilinə cəlb olunmasının əhatəliliyinin ilbəil artdığını nəzərə alaraq, yaxın illərdə bu məsələnin də öz səmərəli həllini tapacağına əminik.

 

Əgər 2015-2016-cı dərs ili üçün ümumtəhsil məktəblərinə qeydiyyatdan keçirilmiş uşaqlardan 37102 nəfəri 6 yaşı tamam olan, 2436 nəfəri 6 yaşı tamam olmayan, 2016-2017-ci dərs ilində 38071 nəfəri 6 yaşı tamam olan, 2488 nəfəri isə 6 yaşı tamam olmayan uşaqlar idisə, yeni dərs ilində göstərici xeyli artmışdır. Belə ki, 11 sentyabr 2017-ci il tarixinə olan məlumata əsasən, 1-ci sinifdə oxuyacaq şagirdlərin 39961 nəfəri 6 yaşı tamam olan, 5462 nəfəri isə 6 yaşı tamam olmayan uşaqlardır. 
Ümumilikdə, 1-ci sinfə qəbul olan uşaqların sayının 46000-dən çox olacağı gözlənilir. 

 

Təhlillər göstərir ki, uşaqların I sinfə qəbulunda elektron qeydiyyat sisteminin tətbiqi vətəndaşların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi ilə yanaşı, şagird yerlərinin və ya pedaqoji kadrların çatışmazlığı ilə bağlı problemləri vaxtında aşkar edib qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün geniş imkan yaradır.

 

Müşahidələrə əsasən, elektron sistem vasitəsilə uşaqlarını müstəqil olaraq I sinfə qeydiyyatdan keçirən valideynlərin sayı ilbəil artır. 2015-2016-cı dərs ili üçün 129, 2016-2017-ci dərs ili üçün 20403, 2017-2018-ci dərs ili üçün 31515 uşaq şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilmişdir. Bu ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərmək məqsədilə artıq 3-cü ildir ki, paytaxt üzrə 50-dən çox Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir. 

 

Məktəbəhazırlıq qrupunu bitirərək məktəbə müsahibədənkənar qəbul olunan 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərində tamam olan uşaqların statistik göstəriciləri 2015-2016-cı dərs ili üçün 760, 2016-2017-ci tədris ili üçün 1122, 2017-2018-ci dərs ili üçün 4047 təşkil etmişdir. 

 

“Sağlam təhsil - sağlam millət” layihəsi genişlənir

 

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində paytaxtın bir sıra ümumi təhsil müəssisələrində “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir. Layihənin əsas məqsədi fiziki-psixi, mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik vətəndaş yetişdirməkdən ibarətdir. Layihə xüsusi aktuallıq kəsb etdiyindən müəllimlər və məktəb rəhbərləri üçün sağlam təhsil texnologiyalarının tətbiqi və prosesinin idarəedilməsi ilə bağlı davamlı olaraq metodik, tibbi-gigiyenik və psixoloji istiqamətlərdə təlimatlandırma tədbirləri reallaşdırılmışdır. Layihə 2016-cı ildə də davam etdirilərək əhatə dairəsi genişləndirilmişdir. 

 

Qeyd edək ki, 2014-cü ildə layihədə 6 məktəb üzrə 15, 2015-ci ildə 35 məktəb üzrə 52, 2016-cı ildə 35 məktəb üzrə 49 sinif iştirak etmişdir. Yeni dərs ilində 37 məktəb üzrə 52 sinif layihə əsasında fəaliyyət göstərəcək. Dörd il ərzində ümumilikdə, 41 məktəbdə 168 sinfin “Sağlam təhsil - sağlam millət” layihəsinə cəlb olunması nəzərdə tutulur. 

 

Ötən dərs ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 387373, xüsusi- ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 3344, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2603 şagird olmaqla, ümumilikdə, 392869 şagird təhsil almışdır.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki ümumi təhsil məktəblərini IX sinif üzrə 27708, XI siniflər üzrə 19525, XII sinif üzrə 599 nəfər bitirmişdir.
2016-2017-ci dərs ilinin sonunda bütün məzunlara yeni nümunəli attestatlar təqdim olunmuşdur. Təhsildə xüsusi nailiyyətləri ilə seçilən IX siniflər üzrə 544, XI siniflər üzrə 801, ümumilikdə, 1345 məzuna fərqlənmə attestatı, XI sinfi bitirən 26 məzuna xüsusu nümunəli attestat və qızıl medal, 3 məzuna xüsusi nümunəli attestat və gümüş medal verilmişdir.

 

Yeni məzmun əsasında buraxılış imtahanları 

 

Bildiyiniz kimi, son illər Təhsil Nazirliyi tərəfindən məktəblərin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinə əsaslanır. Aydındır ki, bu mərhələdə məktəblərin göstəricisinin yüksək olması şagirdlərin tam orta təhsil səviyyəsində uğurlu təhsilə yiyələnməsinə zəmanət verir. 

 

İslahatın tətbiqindən sonra ilk dəfə olaraq ötən dərs ilində IX siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanları yeni məzmun (kurikulumlar) əsasında həyata keçirilmişdir. Buraxılış imtahanlarının nəticələrinə əsasən, 2016-2017-ci dərs ilində hər iki fəndən müvəffəq qiymət alan şagirdlərin faiz göstəricisi 2015-2016-cı dərs ilinə nisbətən 4,75 faiz artmışdır. 

 

2015-2016-cı dərs ili ilə müqayisədə 2016-2017-ci dərs ilində XI sinif şagirdlərinin də buraxılış imtahanlarının nəticələrində artım müşahidə olunmuşdur. Nəticələrə əsasən, ana dili fənni üzrə 2,46, riyaziyyat fənni üzrə 1,21, xarici dil üzrə isə 3,71 faiz daha yaxşı nəticə göstərilmişdir. 

 

Hər iki təhsil səviyyəsi üzrə nəticələrin artmasına baxmayaraq, paytaxt məktəblərində daha yüksək göstəricilər əldə etmək istiqamətində fəaliyyəti daha da təkmilləşdirmək qarşıda duran başlıca vəzifədir.

 

Məlum olduğu kimi, 2017-2018-ci dərs ili üçün ali məktəblərə qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə olunub. Buna səbəblərdən biri də qəbul imtahanlarının iki dəfə keçirilməsi, bununla da abituriyentlərin öz qəbul nəticələrini yaxşılaşdırmaq imkanı qazanmasıdır. Ümumilikdə, yüksək bal toplayan abituriyentlərin sayı artmış, Bakı məktəblərinin məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmişlər. Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu maksimum nəticə göstərərək 700 bal toplamışdır.

 

Təmayülləşmənin tətbiq olunduğu məktəblərdə daha yüksək nəticələr əldə edilir

 

Ümumi təhsildə keyfiyyətə birbaşa təsir edən amillərdən biri 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə təhsil naziri cənab Mikayıl Cabbarovun 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmrində təsbit olunan tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili məsələsidir. Bu məqsədlə son iki dərs ilində bu sahədə ciddi addımlar atılmış, vaxlilə Bakı şəhərinin 8 məktəbində sınaq layihə kimi tətbiq olunan tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil edildiyi pilot məktəblərin şəbəkəsi ardıcıl olaraq genişləndirilmişdir.

 

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsil almağa xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsilini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir.

 

2015-2016-cı dərs ilində ölkə üzrə 50, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 33 müəssisə həmin layihəyə cəlb edilmişdir. 2016-2017-ci dərs ilində isə 58 məktəbin 176 sinfində təhsil müxtəlif təmayüllər (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri) üzrə təşkil edilmişdir. Təhsil Nazirliyi tərəfindən bu il ilk dəfə kombinəedilmiş təmayül siniflər üçün tədris planları təsdiq olunmuşdur.

 

Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərdə problemlərin öyrənilməsi, təhlili və müvafiq təkliflərin hazırlanması məqsədilə həmin müəssisələrin rəhbərləri ilə ötən dərs ili ərzində 2 dəfə müşavirə və seminarlar keçirilmişdir. Həmçinin, pilot müəssisələrin rəhbərləri onlara verilmiş tapşırıq əsasında gələcəkdə pilot müəssisələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müəllimlərin və valideynlərin rəy və təkliflərini öyrənmişlər. İlkin təhlillər tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq edildiyi məktəblərdə daha yüksək nəticələr əldə olunduğunu deməyə əsas verir. 

 

2017-2018-ci dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 212 məktəbin Azərbaycan bölməsinin 432 sinfində 10077, o cümlədən, 46 məktəbin rus bölməsinin 67 sinfində 1378 şagirdin təhsil alması nəzərdə tutulmuşdur. Ümumilikdə, 212 ümumi təhsil məktəbində 11455 şagirdin təhsil alacağı 499 təmayül sinfin təşkil olunması planlaşdırılır. 

 

Paytaxt məktəbliləri Beynəlxalq olimpiadaların qalibləri arasında da xüsusi yer tutur

 

Ötən dərs ilində şagirdlərin fənlərə olan meyil, maraq və bacarıqlarını müəyyənləşdirmək, istedadlı məktəbliləri üzə çıxarmaq məqsədilə VI və VII sinif şagirdləri arasında fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə fənn müsabiqələri keçirilmişdir. Fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 3000 nəfərə yaxın şagird iştirak etmiş, respublika fənn olimpiadalarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki məktəblərdə təhsil alan şagirdlərdən 49 nəfəri qalib olmuşdur. Həmin şagirdlərdən 7-si qızıl, 13-ü gümüş, 29-u bürünc medal qazanmışdır.

 

Yeri gəlmişkən, qeyd edək ki, uzun illər beynəlxalq olimpiadalarda qazanılan uğurlar Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəblərlə yanaşı, özəl məktəblərin payına düşürdü. Onu da qeyd etmək yerinə düşər ki, Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesini təkmilləşdirməsi və daim diqqət mərkəzində saxlaması şagirdlərin parlaq nəticələr əldə etməsinə əlverişli imkan yaradır. Təsadüfi deyil ki, ötən dərs ilində də Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlər əldə ediblər. Sevindirici haldır ki, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsil alan şagirdlərin də adları bir çox yerli və beynəlxalq olimpiadaların qalibləri sırasındadır. Belə ki, 212 nömrəli tam orta məktəbin şagirdi Fikrət Əmirbəyli “ADA” Universitetinin təşkilatçılığı ilə keçirilən II İngilis dili Olimpiadasında qalib olaraq Böyük Britaniyada yay kursunda ödənişsiz iştirak hüququ qazanmışdır. 

 

Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın X sinif şagirdi Nəriman Mirişov 51-ci Beynəlxalq Kimya Olimpiadasında gümüş, Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin şagirdi Turan Bayramlı İndoneziyanın Bali şəhərində yeniyetmələrin 13-cü Beynəlxalq Elm olimpiadasında bürünc, 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Rafael Saddatimov Türkiyənin İzmir şəhərində İnformatika üzrə Beynəlxalq Olimpiadada bürünc medal qazanmışlar.

 

“Sabahın alimləri” VI Respublika Müsabiqəsində 291 nömrəli “Ekologiya” liseyinin şagirdi Elşən Nağızadə və 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev qalib olmuşlar. Müsabiqədə kompüter elmləri üzrə qalib olan 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev 2017-ci ilin may ayında ABŞ-da İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak hüququ qazanmışdır. Nəticədə məktəblimiz robototexnika ve süni intellekt kateqoriyasında “Eşitmə qabiliyyəti zəif olan insanlar üçün vizual köməkçi” adlı layihəsinə görə Qətərin Tədqiqatlar Fondunun xüsusi mükafatına layiq görülmüşdür.

 

Məktəblilərin təfəkkürünün inkişafına təkan vermək, yerli və beynəlxalq olimpiada və bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə yüksək məntiqi təfəkkürə malik şagirdləri vaxtında aşkara çıxarmaq üçün onları daim həvəsləndirmək və elmə olan marağını artırmaq təhsilin əsas hədəflərindəndir. Bunun üçün müxtəlif fəaliyyətlərin təşkil edilməsi bu istiqamətdə keyfiyyətin əldə olunmasına müsbət təsir edən vacib amillərdəndir. Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının keçirilməsi bu məqsədə xidmət edir. Artıq 2-ci ildir ki, V sinif şagirdləri arasında təşkil olunan Məntiq Olimpiadası məktəblilər tərəfindən maraqla qarşılanır. Ötənilki olimpiadanın final mərhələsində 1859 şagird iştirak etmişdir. Bunlardan 59 nəfəri finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşmüşdür. 842 şagird isə 50-80 faiz arasında nəticə göstərərək olimpiadanın final turunda fəal iştirakına görə sertifikata layiq görülmüşdür. 

 

Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə təşkil edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində iştirak edən 12 paytaxt məktəblisindən 9 nəfəri I, II, III və həvəsləndirici yerlərə layiq görülmüşdür.

 

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən və 30 minə yaxın şagirdin iştirak etdiyi “Ədəbiyyat biliciləri” müsabiqəsində 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 21 nəfər tərifnaməyə layiq görülmüşdür.

 

Bildiyiniz kimi, təhsildə keyfiyyətin yüksəldilməsində, yeni innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun təhsilalanlar tərəfindən səmərəli mənimsənilməsində müəllim amili əvəzsiz faktordur. Bu amili nəzərə alan Təhsil Nazirliyi son illərdə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalari”na uyğun olaraq müəllimlərin işə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir. 

 

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 1349 vakansiya təqdim olunmuşdur.

 

2017-ci ilin iyun ayında Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi proqram təminatı tətbiq edilməklə aparılmışdır. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimləri rayon (şəhər) daxili yerdəyişməsi çərçivəsində 183 müəllimin, Təhsil Nazirliyi sisteminə daxil olan digər ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin respublika daxili yerdəyişməsi çərçivəsində 92 müəllimin iş yeri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə dəyişdirilmişdir.

 

Müəllimlərin işə qəbulu

 

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin hazırkı dövrə tamamlanmış mərhələləri üzrə 651 nəfər işə qəbul edilmişdir.

 

Hesabat ilində paytaxtın ümumi təhsil müəssisələrində Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrində çalışmaq istəyən şəxslər üçün müsabiqə keçirilmişdir. İşə qəbulun daha səmərəli və şəffaf həyata keçirilməsinə, ümumi təhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə təşkil edilən müsabiqə 2 mərhələdən ibarət olub. Müsabiqədə uğur qazanmış 25 nəfər Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri, 23 nəfər psixoloq, 25 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 100 nəfər laborant vəzifəsi üzrə işə qəbul edilmişdir. Ümumi təhsil müəssisələrində inzibati-idarəetmə və tədris-köməkçi heyətin işə qəbulu prosesi ilə əlaqədar mövcud vakansiyalar sistemləşdirilərək yeni dərs ilinin əvvəlində növbəti müsabiqənin keçirilməsi nəzərdə tutulur.

 

Hesabat ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi tədbirlər içərisində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, dərs yükünün optimallaşdırılması və əməkhaqqı sistemində islahatın aparılması müstəsna yer tutur.

Bildiyiniz kimi, Dövlət Strategiyasına uyğun olaraq təhsil nazirinin 7 oktyabr 2016-cı il və 1 mart 2017-ci il tarixli əmrlərinə əsasən, 2016-cı ilin noyabr-dekabr və 2017-ci ilin aprel-may aylarında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın dövlət ümumi təhsil müəssisələrində və xüsusi məktəblərdə işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin dəyərləndirilməsi və əlavə təlim ehtiyaclarıının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirilmə keçirilmişdir. Aparılmış diaqnostik qiymətləndirilmədə ümumi təhsil müəssisələrinə işə yeni qəbul edilən, eləcə də müxtəlif səbəblərdən əvvəlki qiymətləndirməyə qatılmayan müəllimlər də iştirak etmişdir.

 

Son illər aparılan əməkhaqqı islahatı nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı 471 manat olmuşdur. Müqayisə üçün qeyd edək ki, 2015-2016-cı ildə Bakı şəhəri üzrə müəllimlərin orta əməkhaqqı 465 manat təşkil etmişdir.

 

Hesabat ilində diaqnostik qiymətləndirməyə qatılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artmaqla 18 saat təşkil etmişdir. Aparılan monitorinq əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin orta həftəlik dərs yükü hazırda 18.8 saat təşkil edir. 

 

Ötən dərs ilində ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtın ümumi təhsil müəssisələrində çalışan bir sıra müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunmuşlar. 10 müəllim “Tərəqqi” medalına, 12 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

 

Həmçinin, təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində çalışan 15 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 17 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur. 

 

Yeni dərs ilinə hazırlıq

 

Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin olunmuşdur. Təhsil nazirinin müvafiq əmrinə əsasən, çap edilmiş yeni dərslik və müəllimlər üçün metodiki vəsaitlərin sentyabrın 8-dək yerlərə çatdırılması təmin edilmişdir. Bunun üçün müvafiq baza məntəqələri yaradılmış və əsas tədris vəsaitlərinin yerlərə çatdırılması operativ şəkildə həyata keçirilmişdir.

 

2017-2018-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı şəhəri üzrə bir sıra ümumi təhsil müəssisələrinin tikintisi və təmiri aparılmışdır. Paytaxtdakı 20 nömrəli məktəb-liseyin yeni binası inşa olunmuşdur, 306 nömrəli tam orta məktəb üçün isə yeni binanın tikintisi davam etdirilir. 10, 74, 162, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilmişdir. 171 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpuslarında yenidənqurma işləri davam etməkdədir. 257, 67, 75 nömrəli tam orta məktəblər üçün yeni korpus tikintisi başa çatdırılmışdır. Daha 84 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri görülmüşdür. Hazırda 10 məktəbdə təmir işləri davam etməkdədir.

 

Paytaxtdakı 10, 62, 74, 162, 201, 212, 239, 257 nömrəli tam orta məktəblərin və 268 nömrəli xüsusi təhsil müəssisəsinin təntənəli açılış mərasimləri keçirilmiş, açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Bu il “Təhsildə keyfiyyət ili” olmaqla hər birimizin qarşısında yeni öhdəliklər qoyur. Yeni il hər kəsi yeni çağırışlara hazır olmağa və bu yolda əzmlə çalışıb zəfər qazanmağa səsləyir. Bu dərs ilinin ötən ildən daha uğurlu olması, bizə göstərilən etimadı doğrultmaq üçün hər birimiz keyfiyyətlə çalışacağıq. Elə isə yeni dərs ilinin başlanması münasibətilə hər birinizi ürəkdən təbrik edir, hamınıza çətin, məsuliyyətli və şərəfli yolda uğurlar diləyirəm.

 

Məhəbbət VƏLİYEVA,                 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri