Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin AZƏRTAC-a müsahibəsi (18.06.2020)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri: Uğurlar çevik qərarlara və birgə fəaliyyətə əsaslanır

 

COVID-19 pandemiyası ilə əlaqədar martın əvvəlindən təhsil müəssisələrinin fəaliyyətində müvəqqəti fasilə yaransa da, həyata keçirilən operativ tədbirlər nəticəsində tədrisin davamlılığı təmin olunub. İstər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən teledərslər, istərsə də onlayn dərslər təşəbbüsünə müəllimlərin fəal qoşulması şagirdlərin öyrənmə mühitindən ayrılmaması üçün əlverişli zəmin yaradıb. Habelə nazirliyin “Virtual məktəb” layihəsi rəğbətlə qarşılanıb. Qısa müddətdə müəllim və şagirdlərin mütləq əksəriyyəti bu layihədə qeydiyyatdan keçiblər.

Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev AZƏRTAC-ın müxbirinə tədris ilinin yekunları ilə bağlı müsahibəsində davam etdirərək deyir:

- Ümumilikdə 2019-2020-ci tədris ilini uğurlu qiymətləndirə bilərik. Təhsili idarəetmə qurumları, müəllim, şagird və valideynlərin birgə əməkdaşlığı, eləcə də cəmiyyətin, ictimaiyyətin dəstəyi ilə bu dönəmi uğurla adlamağı bacardıq. Baş verən prosesləri hərtərəfli təhlil edəndə bir daha görürük ki, əldə olunmuş uğurlar çevik qərarlara və birgə fəaliyyətə əsaslanır.

 

-Dərs ili başa çatdığı üçün, ilk növbədə, ümumi göstəricilərə, nəticələrə qısa nəzər salmaq maraqlı olardı...

-Əvvəlcə qeyd edim ki, BŞTİ-nin tabeliyində 309 ümumtəhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində bu məktəblərdə 440 min 426 şagirdin təlim-tərbiyəsi ilə 27 min 786 müəllim məşğul olub. BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin I siniflərini 45 min 573, IX siniflərini 30 min 888, XI siniflərini 19 min 612, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 124 nəfər bitirib.

2019-cu ildən etibarən ümumtəhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib. Bu, vətəndaşlar üçün daha bir imkan deməkdir. 2019-2020-ci tədris ili ərzində 23 min 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Paytaxtdakı ümumtəhsil müəssisələrində Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Belə ki, 39 ümumtəhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin cari tədris ilində paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 163 məktəbdə 358 təmayül sinif təşkil olunub. Bakı şəhəri üzrə 4 ümumtəhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən məqsədyönlü işlər görülüb.

Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində paytaxtın 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər fəaliyyət göstərib. BŞTİ-nin tabeliyindəki 5 ümumtəhsil müəssisəsində (117, 120, 234, 274, 293) peşə təmayüllü siniflər yaradılıb. BŞTİ və “British Council” Təşkilatının əməkdaşlığı çərçivəsində 4 ümumtəhsil məktəbində ingilis dili resurs mərkəzləri fəaliyyət göstərib. Paytaxtın 75 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı ilə həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub.

Paytaxt üzrə 36 layihə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olub. BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib. Hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qeydiyyatı yekunlaşıb. Ümumtəhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilib. BŞTİ-nin tabeliyindəki 285 ümumtəhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir. İyirmi iki məktəbdə isə yaradılması ilə bağlı hazırlıq işləri görülür. Təhsil Nazirliyinin əmrinə əsasən, 32 ümumtəhsil məktəbində STEAM layihəsinin tətbiqinə başlanılıb. Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib.

Məktəbəhazırlıq qruplarında tədris aparacaq 1000-ə yaxın müəllim üçün yekun qiymətləndirmə keçirilib. 2019-2020-ci tədris ilində müxtəlif mövzular üzrə keçirilən ixtisasartırma təlimlərində ibtidai sinif və fənn müəllimlərindən ibarət 8000-dən çox təhsil işçisi iştirak edib. Həmçinin BŞTİ ilə Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə idarənin tabeliyindəki təhsil müəssisələrində çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün təlimlər təşkil edilib.

2019-2020-ci tədris ilində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 365 qızıl, 308 gümüş, 320 bürünc olmaqla ümumilikdə, 993 medal əldə ediblər.

Ümumiyyətlə, təhsil sahəsində qazanılan bütün uğurlar dövlətin yüksək səviyyədə qayğısı sayəsində mümkün olub. Bir sıra məktəblərin təmirdən sonra açılış mərasimində dövlətimizin başçısının iştirakı buna bariz nümunədir. Habelə “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20,0 (iyirmi) milyon manat vəsait ayrılıb.

Eyni zamanda, Prezidentin Sərəncamına əsasən 2019-2020-ci tədris ilində tədris ilində yüksək nəticə göstərək ali məktəblərə daxil olan tələbələrə təqaüd verilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Dövlət ümumtəhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” və “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiqlənib.

2019-2020-ci tədris ilində ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, 8 müəllim “Tərəqqi” medalına, 14 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 16 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 20 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub. Eləcə də səmərəli fəaliyyəti ilə fərqlənən 230 təhsil işçisi BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı ilə təltif edilib.

 

- Hazırda valideynləri düşündürən əsas məsələlərdən biri də uşaqların I sinfə qeydiyyatı və digər dildə tədris aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi prosesidir. Bu istiqamətdə yenilik və nəticələr nədən ibarətdir?

-Paytaxt üzrə BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 44 minə yaxın müraciət edilib. Bu isə nəzərdə tutulan proqnozun 90 faizindən çoxdur.

İlk dəfə olaraq 2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

Cari tədris ilindən etibarən ilk dəfə olaraq, ümumtəhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün növbəti tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.

Ümumtəhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib. Valideynlərə ənənəvi (canlı) və ya onlayn müsahibə formalarını seçmək imkanı verilib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir. Ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlər şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçə bilərlər. Müşahidələr göstərir ki, onlayn müsahibələrə maraq artıb. Belə müsahibələr valideynlərin və uşaqların rahatlığının təmin olunmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir. Uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, müvafiq şəraitdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir. Onlayn müsahibələrdə iştirak etməklə hər bir valideyn koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin etmiş olur.

Belə müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərir, uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlamağa zəmin yaradır. Həmçinin onlayn müsahibə hamı üçün əlçatandır, hər kəs istifadə etdiyi kompüter, mobil telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində təlimat xarakterli məlumatlar yerləşdirilib.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar bütün imkanlar valideynlərin rahatlığının təmin olunmasına və uşaqların təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasına xidmət edir. Bu səbəbdən ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Elektron qeydiyyatdan keçə bilməyən valideynlər “WhatsApp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər.

Məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatı elektron formada aparıldığı üçün I sinfə qəbul prosesi zamanı həmin uşaqların təkrar qeydiyyatına ehtiyac qalmır. Ötən dərs ilində BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. Məktəbəhazırlıq qruplarına Bakı şəhərində tətbiq olunan elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

 

-Rəşad müəllim, təbii ki, fəaliyyətinizin əsasını təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər təşkil edir. Nəticələr qənaətbəxşdirmi?

-Təhsil sahəsi daim inkişafda olan, dəyişən, yeniləşən, islahatlara açıq sahədir. Odur ki, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir. İbtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib. Monitorinqə Bakı şəhəri üzrə 218 məktəbdən 28 min 830 şagird cəlb edilib. Monitorinqlərin nəticələri ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə müzakirə olunub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2019-2020-ci tədris ili üzrə IX sinif şagirdlərinin buraxılış imtahanı (I mərhələ) və I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib. Şagirdlərin göstərdikləri nəticələr əsasında hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.

İbtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2019-2020-ci tədris ili üçün I Böyük Summativ Qiymətləndirmə nəticələri təhlil edilib, müvafiq hesabat hazırlanıb. Bu nəticələr baza qiymətləri kimi götürülərək, növbəti illərdə şagirdlərin fərdi inkişaf dinamikasını izləməyə imkan verəcək. Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 min 674 nəfər V və IX sinif şagirdi üçün diaqnostik qiymətləndirmə keçirilib. Diaqnostik qiymətləndirmə V siniflər üzrə 28 min 830, IX siniflər üzrə 29 min 844 məktəblini əhatə edib.

Təhsildəki nailiyyətlər, eyni zamanda, istedadlı şagirdlərin nəticələrində, ölkə və dünya miqyasında qazandığı uğurlarda özünü göstərir. IX, X və XI sinif şagirdlərinin iştirakı ilə Respublika fənn olimpiadaları keçirilib. Bakı üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsində 7000-ə yaxın, yarımfinal turunda isə 1810 şagird iştirak edib. Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinin ən qısa zamanda elan edilməsi nəzərdə tutulur. Virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında Fizika, riyaziyyat və informatika təmayüllü liseyin, Humanitar fənlər təmayüllü məktəb-liseyin və Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdlər 3 bürünc medal əldə ediblər.

Habelə Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb.177 nömrəli tam orta məktəbin şagirdi Leyla Məmmədzadə və 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əli Bağırov Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et” VI Ümumrusiya elmi-innovasiya konfransında uğurla iştirak edərək III dərəcəli diploma layiq görülüblər.

Uğurların artırılmasında beynəlxalq təcrübə mübadiləsi mühüm rol oynayır. BŞTİ-nin nümayəndələrinin İrlandiyanın Dublin şəhərinə təhsil səfəri təşkil edilib. “Məktəb İnspeksiyalarında innovasiyaların tətbiqi” mövzusuna həsr edilən səfər çərçivəsində təcrübə mübadiləsi aparılıb, görüş və müzakirələr keçirilib.

 

AZƏRTAC