Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin AZƏRTAC-a müsahibəsi (16.10.2020)

Tarixdə silinməz iz qoyan azərbaycanlı qəhrəman

 

Tarixin bütün dönəmlərində Azərbaycan oğulları öz qəhrəmanlıqları və göstərdikləri şücaətlərlə silinməz izlər buraxıblar. Onların hər birinin həyat yolu bir qəhrəmanlıq salnaməsi və gənc nəsillərə örnəkdir. Həmin qəhrəman həmvətənlərimizdən biri olan Əhmədiyyə Cəbrayılov tarixin ən böyük və qanlı müharibəsi olan İkinci Dünya müharibəsində öz igidliyi ilə bütün dünyaya səs salmışdı. Onun qorxmazlığını, yüksək bacarığını və misilsiz qəhrəmanlığını göstərən faktlara nəzər salanda qəti təəssürat yaranır ki, Əhmədiyyə Cəbrayılov sanki sözün həqiqi mənasında qəhrəman olmaq üçün doğulmuşdur. Məlumdur ki, İkinci Dünya müharibəsi dövründə Azərbaycan birbaşa hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək ölkəmiz bütün qüvvə və resursları ilə döyüşlərdə fəal iştirak edib. Müharibənin taleyinin həll olunmasında Azərbaycanın rolu haqqında kifayət qədər mənbələrdə qeyd olunsa da, hələ də bu baxımdan üzə çıxarılmalı çoxsaylı faktların olduğu da sirr deyil. İstər ümumilikdə İkinci Dünya müharibəsindəki qələbədə Azərbaycanın missiyası, istərsə də qəhrəman azərbaycanlı döyüşçülərin müstəsna xidmətlərinin hələ də tam araşdırılıb real qiymət verildiyini deyə bilmərik. Faşizm üzərində qələbə bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilib. İkinci Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu sovet vətəndaşları olub ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi. İkinci Dünya müharibəsi zamanı bir çox azərbaycanlılar öz qəhrəmanlıqları ilə fərqləniblər. Azərbaycan hər zaman öz qəhrəmanlarına xüsusi diqqət göstərib və onlara yüksək qiymət verib. Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə qəhrəmanların və tarixi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsini diqqət mərkəzində saxlayıb. Ümummilli lider Heydər Əliyev “Əhmədiyyə Cəbrayılov qoçaq adam olub, əsl qəhrəmandır, onun xatirəsini mütləq yaşatmaq lazımdır” demişdir.

 

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin “Tarixdə silinməz iz qoyan azərbaycanlı qəhrəman” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində də tariximizdə silinməz izlər qoymuş şəxslərin xatirəsinə dərin ehtiram ifadə edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daim tariximizin və tarixi şəxsiyyətlərin gənc nəsillərə örnək kimi təbliğ olunmasına həssas münasibət göstərir. Ölkə Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” 2020-ci il 11 avqust tarixli Sərəncamında bildirilir ki, “2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir”.

 

Dövlət başçısının bu Sərəncamı xalqımızın, dövlətimizin qəhrəman övladlarına olan əbədi ehtiramının təzahürüdür. Sərəncamda, həmçinin Azərbaycanın ilk Milli qəhrəmanlarından sayılan Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək şəhidlik zirvəsinə yüksəlmiş Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılovun da adı çəkilir. Bununla bir daha aydın görünür ki, dövründən asılı olmayaraq qəhrəmanlarımızın hər birinin xatirəsi dövlətimiz və cəmiyyətimiz üçün əzizdir. Qəhrəmanlıq tariximiz hər zaman xalqın qan yaddaşının bir hissəsi kimi qəbul olunur və gələcək nəsillərə çatdırılır.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına əsasən, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla ümumi təhsil müəssisələrində Əhmədiyyə Cəbrayılovun həyat yolundan və qəhrəmanlıq tarixindən bəhs olunan müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulur. Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbirlərin əsas məqsədi ümumi təhsil müəssisələri şagirdlərini Vətənə məhəbbət ruhunda tərbiyə etmək, qəhrəmanlarımızı gənc nəsillərə daha yaxından tanıtmaq, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir. Qəhrəmanların həyat yoluna nəzər salarkən onların uşaqlıq və gənclik illərindən təhsilə və əməyə xüsusi münasibətinin olduğunu, digər həmyaşıdlarından fərqləndiyini müşahidə edə bilərik. Əhmədiyyə Cəbrayılov da təhsilə hər zaman xüsusi diqqət göstərib. Onun uşaqlıq illəri nə qədər çətin və məşəqqətli olsa da, o, təhsil almağa, oxumağa hər zaman böyük həvəslə yanaşıb.

 

1920-ci il sentyabrın 22-də Şəki şəhərinin Oxud kəndində dünyaya göz açan Əhmədiyyə Cəbrayılov məktəbə, təhsil almağa nə qədər səy göstərsə də, müharibə bir çox gənc kimi onun da arzularını yarımçıq qoyub. Atası və iki qardaşı cəbhədə qəhrəmanlıqla həlak olduğundan ailələri başsız qalıb. Anası və bacısı bütün ümidlərini Əhmədiyyəyə bağlamışdı. Lakin o doğmalarının qisasını almaq və Vətənin dar günündə onun müdafiəsində dayanmaq üçün könüllü olaraq cəbhəyə yollanır. Döyüş yolu və tale elə gətirir ki, daha sonra Fransa Müqavimət hərəkatına qoşulur və bu hərəkatın fəal iştirakçısına çevrilir.

 

İlk olaraq kiçik siyasi rəhbər kimi xidmətə başlayan Əhmədiyyə Cəbrayılov bir sıra çətin döyüşlərdə iştirak edir, ağır yaralanaraq əsir düşür və həbs düşərgələrinin dəhşətlərini görür. Lakin bununla belə o, əzmlə mübarizə aparmaqdan yorulmur. O, iti fəhmi ilə əmin idi ki, düşmənlə döyüşərək Fransanın azadlığını qoruyarkən, uzaq düşdüyü öz doğma Vətəni Azərbaycanı da müdafiə edir.

 

Əfsanəvi partizanın döyüş salnaməsində də qeyd olunduğu kimi, o, çoxsaylı uğurlu əməliyyatlar keçirir. Azərbaycanlı qəhrəman hətta bir müddət Albi şəhərində alman komendantı da olur. Belə ki, alman zabiti formasında gizli əməliyyat zamanı yaralanan Əhmədiyyə Cəbrayılovu almanlar taparaq müalicə edirlər. Sağaldıqdan sonra isə o, məcburən özünü alman zabiti kimi təqdim edir və bir müddət ona tapşırılan komendant vəzifəsində çalışır. Bu fürsəti də əsil qəhrəman kimi dəyərləndirən əfsanəvi partizan əsirlərə və partizan yoldaşlarına kömək edir, faşistlərə ağır zərbələr vurur.

 

Fransanın hitlerçilərdən azad olunması uğrunda “Xarqo”, “Fraji”, “Qoçaq”, “Ryus Armed” və başqa gizli adlarla fəaliyyət göstərən Əhmədiyyə Cəbrayılovun öldürülməsi və əsir alınması üçün faşistlər 10 min alman markası mükafat təyin etmişdilər. Lakin tale əfsanəvi qəhrəmanın üzünə gülür, o, qələbə sevincini yaşayır.

 

Müharibə qələbə ilə başa çatdıqdan sonra doğma Vətəni Azərbaycana yola düşməzdən əvvəl general Şarl De Qoll onu qəbul edərək əsgəri igidliyinə görə təşəkkürünü bildirir. General ona yüksək mükafat olan, hərbi paradlarda generallardan irəlidə getmək hüququ verən "Hərbi igidliyə görə" medalı, Fransanın fəxri vətəndaşı sənədi və həmin ölkədə nəqliyyatın bütün növlərindən pulsuz istifadə mandatını təqdim edir.

 

İgid həmyerlimiz Parisin faşistlərdən azad edilməsində xüsusi fərqləndiyinə görə Fransanın on yüksək orden və medalı ilə təltif olunub, o cümlədən Fransanın “Milli Legion” ordeninə layiq görülüb.

 

Əhmədiyyə Cəbrayılov xalqımızın qəhrəmanlıq ənənələrini ölkə hüdudlarından kənarda layiqli şəkildə nümayiş etdirib. Faşizmlə mübarizədə Azərbaycan xalqının adına dünyada şöhrət qazandıran və Fransa Müqavimət hərəkatının ən fəal üzvlərindən sayılan Əhmədiyyə Cəbrayılovun qəhrəmanlıqla dolu şərəfli ömür yolu hazırda işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə mübarizə aparan Azərbaycan Ordusunun əsgərləri üçün hünər və cəsarət nümunəsidir.

 

Yaxşı deyiblər, ata-babaların həyat yolu təkcə fəxarət ünvanı deyil, həm də aydın görünən bir mayak, mübarizə yolumuzu aydınladan bir şölədir. Belə real qəhrəmanlardan ruhlanan Azərbaycan Ordusunun qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün qazandığı parlaq uğurlar olduqca təbiidir. Hər bir xalq öz qanı və geni ilə qəhrəmanlarından, tarixi şəxsiyyətlərindən güc alır və milli kimliyini sübut edir. Bu baxımdan istinadgahımız olan qəhrəmanlarımız və qəhrəmanlıq tariximizlə qürur duymağa, onlardan örnək almağa haqqımız var.

 

Qəhrəmanlıq tarixindən güc alan qüdrətli Azərbaycan xalqı Prezident İlham Əliyevin vurğuladığı kimi, işğalla barışmadı, öz iradəsini və mübarizə əzmini ortaya qoydu. Azərbaycan Ordusu illərdir ki, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək uğrunda parlaq zəfərlərə imza atır, tarixi Azərbaycan ərazilərində Dövlət bayrağını dalğalandırır. Bu tarixi qələbələr hər bir azərbaycanlıya böyük ruh yüksəkliyi və sevinc bəxş edir. Əminik ki, bu zəfərlər sayəsində tezliklə bütün torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzün bərpasına nail olacağıq.

AZƏRTAC