Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (26.02.2021)

Mehriban Vəliyeva: Bundan sonrakı tariximiz ancaq qələbələrə şahidlik edəcək

 

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünya insanlıq tarixinin qara səhifəsi olan Xocalı soyqırımı beynəlxalq aləm tərəfindən hələ lazımi hüquqi-siyasi qiymətini almasa da, xalqımız haqq səsinin eşidilməsi üçün məqsədyönlü iş aparır. Hər il Xocalı soyqırımının ildönümü ölkəmizdə qeyd olunur, günahsız qurbanların xatirəsi ehtiramla yad edilir. Nə qədər ağır və hüznlü olsa da, bu, hər bir azərbaycanlının və haqq-ədalət tərəfdarı olan insanın vicdan borcudur. Ənənəvi olaraq hər il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində də Xocalı faciəsinin ildönümünə həsr olunan tədbirlər, mühazirələr, dəyirmi masalar, sərgilər, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa müsabiqələri, idman yarışları keçirilir. Təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırımı şahidləri ilə görüşür, “Ana fəryadı” abidəsini ziyarət edirlər. Mövcud epidemioloji vəziyyətlə, həmçinin Vətən müharibəsində qazanılmış qələbə ilə əlaqədar olaraq bu il keçirilən tədbirlər forma və məzmun baxımından əvvəlki illərdəkindən bir qədər fərqlənir.

 

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, BŞTİ tərəfindən “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr ediləcək. Karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçirilir. Həmçinin Bakı şəhərində Xocalı faciəsinə dair virtual rəsm müsabiqəsi və sərgilər təşkil edilir. Tədbirlərin təşkil olunmasının əsas məqsədi həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir. İnanıram ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq aləmdə yayılmasında yetişməkdə olan nəsillər də öz töhfələrini verəcəklər.

 

M.Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyulub. Bu qələbə son illərdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü iqtisadi, siyasi və diplomatik sahədə həyata keçirdiyi misilsiz tədbirlərin, islahatların, quruculuq və idarəetmə işlərinin nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad edilib, Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin qisası alınıb. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmaqla, dövlətimizin daxili və xarici siyasi kursunda daim diqqət mərkəzində saxlanılır. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə respublika rəhbərliyinə qayıtdıqdan sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı əsasında hər il fevralın 26-nın “Xocalı Soyqırımı Günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Bu gün Prezident İlham Əliyevin səyləri, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistan siyasətinin əsasında terrorçuluq və işğalçılıq dayanır. Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da böyük xidmətləri var. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədə gördüyü işlər danılmazdır. Məhz onun təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası dünyanın bir çox ölkəsində həyata keçirilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

 

“Azərbaycan xalqı o dəhşətli faciədən 29 il ötməsinə baxmayaraq o müdhiş gecənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Həlak olanların xatirəsini hər zaman dərin ehtiramla yad edirik. Bununla belə nikbinliyimizi, sabaha və ədalətə olan inamımızı da itirmirik. İnanırıq ki, qısa müddətə işğala son qoyub ərazilərimizi işğaldan azad edərək parlaq zəfər qazanan Azərbaycan əsgərinin əzəməti, yetişməkdə olan gəncliyin əqidəsi və qətiyyəti sayəsində bundan sonrakı tariximiz faciələr və soyqırımlarına deyil, ancaq qələbələrə şahidlik edəcək”, - deyə Mehriban Vəliyeva bildirib.

 

AZƏRTAC