Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (16.03.2021)

Mehriban Vəliyeva: Əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır

 

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Azərbaycan ilk günlərdən təsirli qabaqlayıcı tədbirlərə start verib. Virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edilib və bu proses bu gün də uğurla davam etdirilir. Pandemiya dövründə ölkədə koronavirusun təsirlərinin minimuma endirilməsi, ölkə əhalisinin sağlamlığının qorunması, yeni modul tipli xəstəxanaların inşa edilməsi və digər qabaqlayıcı tədbirlər Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olduğunu göstərir. Cənubi Qafqaz regionunda vaksinasiya işlərinə ilk start verən ölkə olması da Azərbaycanın öz vətəndaşlarının sağlamlığının qorunmasının dövlətin əsas prioritetlərindən olduğunu nümayiş etdirdi. Pandemiya şəraitində normal iş mühitinin davam etdirilməsini istəyən və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri də vaksinasiya prosesində fəal iştirak edən ilklər sırasındadır. 2021-ci il martın 3-dən paytaxtdakı təhsil müəssisələrinin 50 və yuxarı yaşda olan pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə start verilib. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb, vaksinasiya prosesinə paytaxt üzrə 20 minə yaxın pedaqoji və texniki heyət üzvü cəlb olunub.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib.

“Azərbaycan dövlətinin pandemiyanın ilk günlərindən beynəlxalq təşkilatlarla qurduğu təmasların, işlərin düzgün təşkilinin nəticəsidir ki, ilkin mərhələdə ölkəyə 4 milyon doza vaksinin gətirilməsi təmin edildi və proses uğurla davam etdirilir. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycan bu prosesə başladı. Bu, dövlətin öz vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi önəmin təzahürü idi

.

Məlumdur ki, dünyada onlarla ölkə vaksin ala bilməyib və bu məsələ ətrafında müzakirələr gedir. İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə öz mövqeyini bildirdi. Azərbaycanın yanvarın 18-dən peyvəndləmə prosesinə başladığını, regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biri olduğunu bildirən ölkə Prezident vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pislədi. Dövlət başçısı Azərbaycanın bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyin planlaşdırıldığını da söylədi.

 

Ölkə Prezidenti bir müddət əvvəl - BMT-nin Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında da peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmışdı. Pandemiyanın dünya dövlətlərinə təsirinin ölkələr arasında həmrəylik tələb etdiyini deyən Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər arasında vaksinin əlçatanlığı və ədalətli paylanmasının təmin edilməsi yer alırdı. “Ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir”, - deyən dövlət başçısı bu sahədə əlavə nəzarət mexanizmlərinin yaradılmasının vacibliyini önə çəkmişdi. Bütün bu deyilənlər onu göstərir ki, dünyanı ağuşuna alan bu gizli düşmənlə mübarizədə Azərbaycanın ilk günlərdən atdığı addımlar və uğurlu nəticələrin əldə olunması ölkə əhalisinin sağlamlığı və təhlükəsizliyinin qorunmasına hesablanıb.

 

Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən isə bu ümumbəşəri bəlanın aradan qaldırılmasında səfərbərlik nümayiş etdirərək birgə səylərə dəstək olmaqdır. Bu mənada paytaxtın ümumi təhsil müəssisələrində çalışanların vaksinasiyasının həyata keçirilməsi olduqca uğurlu addımdır. Bu, əyani tədrisin mərhələli təşkili prosesini sürətləndirəcək və normal həyata qayıtmağa səbəb olacaq. Ümidvarıq ki, ölkə rəhbərinin “Biz birlikdə güclüyük!” fikri ilə Azərbaycan qısa zamanda koronavirus cəbhəsində də tam qələbə qazanaraq nəinki bölgə, dünya miqyasında ilk sıralarda öz yerini tutacaq”, - deyə Mehriban Vəliyeva qeyd edib.

 

AZƏRTAC