Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (02.04.2021)

Humanizmin daha bir təzahürü

 

Dünya təcrübəsində məhbusların əfv olunması, amnistiya qərarlarının tətbiq edilməsi ənənəsi çoxdan mövcuddur. XX əsrdə bəşəriyyət bir çox dəyərlərə nail olub. Demokratik ənənələr formalaşıb, inkişaf etmiş ölkələrin çoxunda ölüm hökmü ləğv edilib, cəza siyasətinin humanistləşdirilməsi üçün islahatlar aparılıb. Sadaladığımız bu dəyərlər Azərbaycanda 1993-cü ildən sonra bərqərar olmağa başladı.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib.

 

O bildirib ki, bütün sahələrdə həyata keçirilən islahatlar cəza siyasətinin humanistləşdirilməsi yolunda da uğurlu addımlar atmağa şərait yaratdı. Ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə humanizm və insani dəyərlər cəmiyyətimizin hər bir üzvünə tətbiq olundu. 1995-ci il iyulun 5-də 15 nəfər barəsində ilk əfv sərəncamı açıqlandı. İkinci əfv sərəncamı oktyabrın 18-də, üçüncü noyabrın 11-də, dördüncüsü isə dekabrın 27-də imzalandı. Göründüyü kimi, bir il ərzində dörd əfv sərəncamı imzalandı. Burada xüsusi diqqət çəkən məqam ondan ibarət idi ki, ölüm cəzasına məhkum edilmiş 7 nəfər də əfv edilmişdi. O vaxt bu hadisə cəmiyyətdə müsbət mənada sensasiya doğurmuşdu. Ümumilikdə 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edildi, 32 əfv sərəncamı imzalandı. Onu da qeyd edim ki, 1998-ci ildə ulu öndər Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkədə ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü.

 

Əsası Ümummilli Lider tərəfindən qoyulmuş bu ənənə indi də yüksək səviyyədə davam etdirilir. Martın 18-də Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı bu mötəbər missiyanın növbəti mühüm mərhələsi idi. Azərbaycan xalqının qədim adətləri ilə xarakterizə olunan Novruz bayramı ərəfəsində dövlət başçısının bu nəcib addımı cəmiyyətimizdə hüququn aliliyinə dərin inamın, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi ilə bərabər, həm də milli ənənələrimizə sadiqliyin göstəricisi kimi qəbul olunur. Sözügedən Sərəncam əhatə dairəsinə görə son illərdə imzalanmış ən böyük əfv sərəncamlarından biridir. Bütövlükdə 625 nəfərə şamil olunan Sərəncamla məhbusların bir qisminin azadlığa qovuşması, bəzilərinin cəzalarının yarıyadək endirilməsi təmin edilib. 475 məhbus bu bayramı öz ailəsi ilə birlikdə keçirdi. Məhkumların və onların ailə üzvlərinin Prezident İlham Əliyevə ünvanlanmış müraciətləri, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq imzalanan əfv sərəncamı bir daha sübut edir ki, humanizm prinsipləri dövlətin böyük önəm verdiyi dəyərlərdəndir. Bu addım ölkədə insan hüquq və azadlıqlarının etibarlı təminatını, demokratikləşməyə xidmət edən strateji siyasi kursun uğurla davam etdirildiyini bir daha təsdiqləyir.

 

“Prezident İlham Əliyev tərəfindən və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları bu vaxta qədər minlərcə insana azadlıq, ailələrə sevinc bəxş edib. Xatırlatmaq yerinə düşər ki, sonuncu Amnistiya Aktı da 2016-cı ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Bütün bunlar humanist addım olmaqla yanaşı, eyni zamanda dövlət siyasətinin əsasında ən ön sırada insan amilinin dayandığını bir daha təsdiq edir. Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var qüvvəsi ilə çalışan dövlətimizin başçısının humanizm prinsiplərinə sadiqliyi cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Hər kəs yaxşı başa düşür ki, humanizmin tərbiyəvi əhəmiyyəti cəmiyyətin sağlamlaşdırılmasında daha səmərəli rol oynayır, hüquqi dövlətin inkişafı üçün etibarlı zəmin yaradır. Viktor Hüqonun gözəl bir sözü var: “Əfv etmək insanlıq dilinin ən şirin kəlməsidir”. Bu aspektdən yanaşsaq, cəzaçəkmə yerlərində saxlanılan şəxs hiss edir ki, onun da hüquq və azadlıqları qorunur, insan haqlarına hörmət edilir, dövlət onların düzgün islah olunması, cəmiyyətə yararlı şəxsiyyət kimi qayıdışına çalışır. Digər tərəfdən, dövlətin məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Ümid edirik ki, azadlığa çıxmış şəxslər sözügedən sərəncamın verdiyi mesajı layiqincə dəyərləndirəcək, cəmiyyətimiz üçün gərəkli vətəndaş olacaq, ölkəmiz üçün faydalı insan olaraq həyatda öz yerlərini tutacaqlar”,- deyə Mehriban Vəliyeva bildirib.

 

AZƏRTAC