“Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Vətənpərvərlik hissinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.

Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında  2022-ci ilin oktyabr-dekabr aylarında “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi keçirilsin.

2. Müsabiqənin keçirilmə qaydaları və Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Müsabiqə iştirakçılarının müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilməsi üçün Münsiflər heyəti yaradılsın (əlavə 3).

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri keçirilmə qaydalarının tələblərinə uyğun olaraq Müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5. Müsabiqə 2 mərhələ - məktəb mərhələsi (oktyabr 2022-ci il) və şəhər mərhələsi (noyabr-dekabr 2022-ci il) üzrə keçirilsin.

6. İnkişaf layihələri sektoru (Günay Qurbanova) bu əmrdən irəli gələn məsələləri həll etsin.

7. Təminat və təchizat sektoru (Səccət Mahmudov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

  8. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

9. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin

10. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və keçirilmə qaydalarının İdarənin rəsmi internet saytında  yerləşdirilməsini və müsabiqə ilə bağlı keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

11. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci il üzrə Fəaliyyət Planı

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

29 sentyabr 2022-ci il

                                                                                        № F-304


“Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsinin keçirilmə qaydaları