Məktəb özünəməxsusluğu ilə seçilməlidir -  “Azərbaycan müəllimi” qəzeti (19.01.2018)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin  məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur. 

 

Fərqli üsul və layihələr ümumi təhsil müəssisələri arasında rəqabət mühitini formalaşdıra bilər

 

Məktəbdə uğurun əldə edilməsi yeniliklərin tətbiq olunması ilə birbaşa bağlıdır. İnformasiyalaşmanın sürətləndiyi, İKT-dən istifadənin genişləndiyi müasir dövrümüzdə təhsil sahəsi ilə əlaqəli yeniliklərin məktəbdə reallaşdırılması müəllimlərin, şagirdlərin bilik və bacarıqlarını yüksəldir, nailiyyətləri artırır. Bu baxımdan məktəblərdə yeniliklərin tətbiqi, həmçinin, hər bir ümumi təhsil müəssisəsinin işində fərqli üsullardan istifadə olunması, layihələrin həyata keçirilməsi zərurətə çevrilib. Direktoru olduğum 328 nömrəli tam orta məktəbdə də daim bu məsələləri nəzərə alır, özünəməxsus iş ortaya qoymağa və müsbət nəticə əldə etməyə çalışırıq. 

 

Məktəb idarəetməsində yeni metod

 

Öncə qeyd edim ki, məktəbimizdə demokratik idarəçilik sistemi qurmuşuq. Bu işdə hər kəsin fikir və təklifləri nəzərə alınıb. Müəllimlər və digər işçilər məktəbin idarəolunmasında iştirak edirlər. Belə olduqda onlar daha məsuliyyətli və fəal olur, uğur qazanmağa çalışırlar. 

Məktəbimizdə cəza tədbirlərindən nadir hallarda istifadə olunur. Kiçik səhvlərə yol verənlərə irad tutmadan, əsasən qanunun gücündən deyil, şəxsi və ictimai nüfuzdan yararlanaraq səhv etdiyini hiss etdiririk. Bununla paralel olaraq, öz üzərində çalışan, məktəbin ictimai işlərində fəal iştirak edən müəllimləri daim rəğbətləndiririk. Təcrübə göstərir ki, bu üsul hər kəsi məktəbə daha sıx bağlayır. Onlar “Tapşırığı yaxşı yerinə yerirməsəm, cəzalana bilərəm” fikrini deyil, “İşi layiqincə görməsəm, məktəbə ziyan dəyə bilər” fikrini əsas götürürlər. Bu da məktəbin hərtərəfli inkişafına xidmət edir. 

 

Bacarığa görə qiymətləndirmə

 

Məktəbimizdə hamının, xüsusilə də müəllimlərin əməyinə layiqincə qiymət verməyə çalışırıq. Pedaqoji heyətlə bağlı həvəsləndirici tədbirlər həyata keçiririk. Məsələn, bir müddət əvvəl müəllimlərin İKT-dən səmərəli istifadəsini yoxlamaq məqsədilə kiçik araşdırma apardıq. Məlum oldu ki, müəllimlərin bir qismi dərs zamanı kompüter texnologiyalarından az yararlanır və yaxud ümumiyyətlə istifadə etmir. Araşdırmanın yekunu olaraq, bütün dərslərdə kompüter və proyektordan istifadə edən müəllimlər arasından ən yaxşısını, ibtidai sinif müəllimi Könül Həsənovanı mükafatlandırdıq. Həmçinin, “Ən yaxşı açıq dərs” üzrə araşdırma təşkil etdik. Direktor müavinləri və fənn müəllimləri ilə birlikdə dərs dinləmələrinə qatıldıq. Bu seçimdə fərqlənən biologiya müəllimi Sevil İsayevanı mükafatlandırdıq. 2017-2018-ci tədris ili ərzində “Ən yaxşı sinif rəhbəri”, “Ən yaxşı dərs”, “Ən yaxşı məqalə müəllifi” mövzularında da araşdırma və müsabiqələr təşkil etməyi planlaşdırırıq. Təcrübə göstərir ki, müvafiq addımlar müəllimlər arasında sağlam rəqabət yaradır, işgüzarlığı artırır.

Məktəbimizin müəllimlərinin bilik və bacarıqlarını artırması üçün treninq, seminar, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı da təmin olunur. Onların daim öz üzərlərində çalışması, tədrisdə yeniliklər tətbiq etməsi və uğur qazanması üçün hər cür şərait yaradılır. Bunun nəticəsidir ki, müəllimlərimiz dərslərini bacarıqla tədris etdikləri kimi, məktəbdən kənarda da uğurlara imza atırlar. Məsələn, informatika müəllimi Leyla Mustafayevanın “Lütfi Ələsgərzadə və onun qeyri-səlis nəzəriyyəsi” adlı məqaləsi Amerika Birləşmiş Ştatlarında keçirilən konfransda təqdim olunub. O, Londonda keçirilən dil, həmçinin, “Dym/Mimio interaktiv texnologiyalari ilə tədris” təlim kursunda sertifikata layiq görülüb. L.Mustafayeva “Yeni texnologiyalara əsaslanan innovativ təlim üsulları” kursunda I, kurikulumla bağlı kursda II yeri tutub.

Məktəbimizdə müəllimlər arasında tətbiq edilən üsullardan biri də “Həmkara dəstək”dir. Bu üsula əsasən daha təcrübəli müəllimlər digər həmkarları üçün məşğələlər təşkil edirlər. Nəticədə göstəriciləri nisbətən zəif müəllimlərə bilik və bacarıqlarını artırmaq üçün imkan yaranır. 

 

Məktəblilərin düzgün istiqamətləndirilməsi

 

 

Şübhəsiz ki, müəllimlərlə aparılan işlər şagird nailiyyətlərinin yüksəldilməsinə hesablanıb. Məktəbimizdə tədrisin keyfiyyətini artırmağa xüsusi diqqət yetiririk. Məsələn, aparılan monitorinqlərin nəticələrinə əsaslanaraq 2017-2018-ci dərs ilində V siniflər üzrə 2 texniki və humanitar təmayüllü, 2 adi sinif yaratmışıq. Həmin siniflərdə təhsil alan şagirdlərin göstəricilərini müntəzəm olaraq izləyirik. Planlaşdırmışıq ki, bu siniflər üzrə ildə 2 dəfə monitorinq keçirək. Monitorinqlər vasitəsilə təmayül və adi siniflərdə təhsil alan yüksək və zəif göstəriciləri olan şagirdləri müəyyənləşdirək. Sonra təmayül siniflərdə zəif, adi siniflərdə yüksək nəticə göstərən məktəblilər arasında seçim aparaq və daha yüksək göstəricələrə malik olanların təmayül siniflərində təhsil almasını təmin edək. Bununla məktəbimizdə şagirdlər arasında sağlam rəqabət mühiti yaranıb. Ümid edirik ki, bu üsul şagirdlərin repetitor xidmətindən istifadə etmədən uğurlu göstəricilərlə ali məktəblərə daxil olmasına kömək göstərəcək. Bu üsul valideynlər tərəfindən də razılıqla qarşılanıb. 

Məktəblilərin peşə seçiminə də kömək göstərməyə çalışırıq. Bu məqsədlə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Aviasiya Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Dövlət Sosial-İqtisadi Kolleci, 4 və 12 nömrəli Bakı peşə liseylərinə şagirdlərimizin ekskursiyasını təşkil edirik. Bundan əlavə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti məktəbimizdə şagirdlərlə görüş keçirib. Təcrübə göstərir ki, müvafiq ekskursiya və görüşlərdən sonra şagirdlər peşə seçimini daha asan edə bilirlər. Bu istiqamətdə işlərimiz davam edir.

 

Mobillik və beynəlxalq olimpiadalarda iştirak

 

Bir qədər də məktəbimiz tərəfindən Azərbaycanın da 2003-cü ildən tərəfdaşı olduğu Boloniya sisteminin prinsiplərindən olan mobillik çərçivəsində reallaşdırılan layihədən bəhs etmək istəyirəm. Belə ki, bu çərçivədə məktəbimizin kollektivi Salyan rayonunun Sarvan və Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kənd tam orta məktəblərində olub. Həmçinin, Sarvan kənd tam orta məktəbinin kollektivi məktəbimizə qonaq gəlib. Qarşılıqlı səfərlər çərçivəsində məktəblər arasında dostluq münasibətləri yaranıb, müəllimlər təcrübə mübadiləsi aparıb, nümunəvi dərslər keçib, mühazirələr söyləyiblər. Şagirdlər bu səfərlərdən bilik və bacarıqlarını artırmaq üçün yararlanıblar. Layihə çərçivəsində Salyan rayonu Sarvan kənd tam orta məktəbi ilə dostluq münasibətlərimiz davam edir. Hazırda Sarvan məktəbi ilə birlikdə “Bir hektar torpaq sahəm olsaydı...” adlı kənd təsərrüfatı layihəsi üzərində işləyirik. Layihədə hər iki məktəbin müəllim və şagirdlərinin, həmçinin, valideynlərin iştirakı nəzərdə tutulur. Onlar Salyan rayonunda ayrılmış torpaq sahəsində kənd təsərrüfatı işləri ilə məşğul olacaq, təcrübə qazanacaqlar. Layihənin reallaşdırılmasında məqsəd şagirdləri əməyə alışdırmaq, onların bu sahə üzrə bilik və bacarıqlarını artırmaqdan ibarətdir. 

Mobillik layihəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 78 və Füzuli şəhər 5 nömrəli tam orta məktəblərin kollektivləri ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbində olduq. Növbəti aylarda Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin məktəbimizə səfəri nəzərdə tutulur. 

Layihə çərçivəsində hazırda Rusiyanın Yaroslavl Şəhəri Təhsil Departamentinin dəvəti əsasında həmin şəhərdəki 26 nömrəli tam orta məktəbə səfərə hazırlaşırıq. 

Yeri gəlmişkən, Rusiyanın aparıcı təhsil portalı İnfourok.ru və beynəlxalq Mega-talant.com saytlarının onlayn şəkildə təşkil etdiyi beynəlxalq olimpiadalarda məktəbimizin şagirdləri müntəzəm olaraq iştirak edirlər. Adıgey Universiteti tərəfindən fevralda keçiriləcək olimpiadada iştirak etmək niyyətindəyik. Müəllimlərimiz isə Moskvada “1 sentyabr” nəşriyyatının təşkil etdiyi pedaqoji marafona qatılacaqlar. Həmin nəşriyyatın mətbu orqanı olan “Matematika 1 sentyabrya” jurnalının baş redaktoru Larisa Roslovanı da Bakıya dəvət etmək fikrindəyik.

 

Yüksək nəticə və gözləntilər

 

Qeyd edim ki, məktəbimizdə həyata keçirilən tədbirlər şagirdlərin yekun göstəricilərinin yüksəlməsinə səbəb olub. Təkcə bir faktı nəzərə çatdırım ki, 2015-2016 və 2016-2017-ci tədris illərində məzunlarımızın təxminən 75 faizi ali məktəbə daxil olub. IX sinif üzrə nəticələrimiz də qənaətbəxş sayılıb. Məqsədimiz isə müvafiq göstəriciləri ilbəil artırmaqdır. Özümüzü buna tam hazır hesab edirik. 

Yekun olaraq onu da bildirirəm ki, yüksək idarəçilik qabiliyyətinə malik, savadlı, təşəbbüskar direktor məktəbin inkişafına, yüksək nəticə əldə etməsinə böyük töhfə verə bilər. Bu işdə məktəb rəhbəri pedaqoji heyətin də bilik və bacarıqlarından istifadə etməli, onlara arxalanmalıdır. Əgər iş belə qurulsa, uğur daim bizimlə olar.

 

Asif NƏBİYEV,

Bakı şəhəri 328 nömrəli tam orta məktəbin direktoru

 

“Azərbaycan müəllimi” qəzeti