26.11.2026

“Naxışların dili, rənglərin ahəngi” adlı tədbir keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 26 Noyabr - Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş “Naxışların dili, rənglərin ahəngi” adlı tədbir keçirilib.

Tədbirdə BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorları və mərkəzin dərnək üzvləri iştirak ediblər.

Tədbir çərçivəsində dərnək üzvlərinin iştirakı ilə master-klass təşkil olunub. Master-klass zamanı iştirakçılar keramika nümunələri üzərində milli kəlağayı sənətinə xas naxışları rəngləyərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Milli ornamentlərin rəng harmoniyasını əks etdirən əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Proqram çərçivəsində mərkəzin “Teatr sənəti” dərnəyinin üzvləri kəlağayının tarixini, üzərindəki naxış və rənglərin rəmzi mənalarını əks etdirən səhnəcik, “Dünya rəqsləri” dərnəyinin üzvləri isə maraqlı rəqs nömrələri təqdim ediblər.

Tədbirin sonunda qonaqlarla xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd milli-mədəni irsimizin təbliği, kəlağayı sənətinin özünəməxsus xüsusiyyətlərinin gələcək nəsillərə tanıdılması, eyni zamanda uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsindən ibarətdir.