20.05.2015

XXVII SPARTAKİADA “CIRTDAN” YARIŞI İLƏ BAŞA ÇATDI


Mayın 14-də 15 nömrəli Uşaq Gənclər İdman Məktəbində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan "Cırtdan" növü üzrə yarış keçirilmişdir. Yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakimin müavini Salman Əbdülov və XXVII spartakiadanın baş katibi Valentina Sultanova iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar.

 İbtidai sinif şagirdləri arasında yarış 5 növ üzrə - kütləvi gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə keçirilmişdir. Yarışın nəticəsinə görə I yeri Nərimanov rayonunu təmsil edən Bakı Modern Məktəbinin komandası, II yeri Xətai rayonunu təmsil edən 269 nömrəli tam orta məktəbin komandası, III yeri Səbail rayonunu təmsil edən 160 nömrəli Klassik Gimnaziyanın komandası, IV yeri Suraxanı rayonunu təmsil edən 278 nömrəli tam orta məktəbin komandası, V yeri Qaradağ rayonunu təmsil edən 288 nömrəli tam orta məktəbin komandası, VI yeri Binəqədi rayonunu təmsil edən 83 nömrəli məktəb - liseyin komandası, VII yeri Sabunçu rayonunu təmsil edən 309 nömrəli tam orta məktəbin komandası tutmuşlar. Yasamal, Nəsimi, Xəzər və Nizami rayonlarının komandaları VIII – XI yerləri tutmuşlar.

XXVII spartakiadanın dama, şahmat, stolüstü tennis, basketbol (qızlar), basketbol (oğlanlar), voleybol (qızlar), voleybol (oğlanlar), dördnövçülük (qızlar), dördnövçülük (oğlanlar), mini-futbol, güllə atıcılığı və “Cırtdan” növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 36 xalla I yeri, Xətai rayonu 40 xalla II yeri, Sabunçu rayonu 53 xalla III yeri, Səbail rayonu 55 xalla IV yeri, Qaradağ rayonu 76 xalla V yeri, Suraxanı rayonu 78 xalla VI yeri, Binəqədi rayonu 82 xalla VII yeri, Yasamal rayonu 90 xalla VIII yeri, Nəsimi rayonu 106 xalla IX yeri, Xəzər rayonu 128 xalla X yeri və Nizami rayonu 152 xalla XI yeri tutmuşlar.